Ermənistanın Baş naziri Nikol Paşinyan Səudiyyə Ərəbistanının şahzadəsi Əbdüləziz bin Təlal Al Səudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az Ermənistan Baş nazirinin aparatına istinadən xəbər verir ki, görüşdə regional məsələlər müzakirə olunub. Tərəflər Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının və regionda sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Ermənistan–Səudiyyə Ərəbistanı münasibətlərinin inkişaf perspektivləri və Ermənistanda investisiya layihələrinin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə ediblər.
Paşinyan Şahzadə Təlal adına İnsan İnkişafı üzrə Beynəlxalq Mükafatın builki təqdimat mərasiminin Ermənistanda keçirilməsini əhəmiyyətli adlandırıb. Səudiyyəli şahzadə isə son iki ildə Ermənistana ikinci dəfə səfər etdiyini bildirib və birgə layihələrin reallaşdırılmasında maraqlı olduğunu qeyd edib.