Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirləri siyasi dialoqun gücləndirilməsi, iqtisadi və strateji əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Modern.az Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən xəbər verir ki, müzakirələr oktyabrın 29-da Ankarada keçiriləcək TDT Xarici İşlər Nazirləri Şurasının iclasında aparılacaq.
İclasda təşkilat çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, eləcə də TDT-nin institusional imkanlarının gücləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Görüşün yekununda təşkilatın fəaliyyəti ilə bağlı bəzi inzibati və maliyyə sənədlərinin təsdiqlənməsi gözlənilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışında türk dövlətləri arasında siyasi dialoqun və birgə fəaliyyət imkanlarının gücləndirilməsinin əhəmiyyətini vurğulayacağı gözlənilir. O, ortaq tarix, dil və mədəniyyət bağlarının konkret əməkdaşlıq layihələrinə çevrilməsinə diqqət çəkəcək.
Görüşün əsas istiqamətlərindən biri də iqtisadi və strateji əməkdaşlıq olacaq. Enerji, ticarət, investisiyalar, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində birgə fəaliyyətin konkret nəticələrə çevrilməsi məsələləri müzakirə ediləcək.
Bununla yanaşı, Asiya ilə Avropa arasında nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi baxımından Xəzərdən keçən Orta Dəhlizin inkişafına xüsusi diqqət ayrılacaq.
Nazirlərin Əfqanıstandakı vəziyyəti və bu ölkədəki proseslərin regional təhlükəsizlik, sabitlik və nəqliyyat əlaqələrinə mümkün təsirlərini də müzakirə etməsi gözlənilir. Bu istiqamətdə TDT-yə üzv və müşahidəçi ölkələr arasında məsləhətləşmələrin və koordinasiyanın artırılması məsələsi gündəmə gətiriləcək.
Qeyd edək ki, TDT Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrın 29-30-da Ankarada keçiriləcək XIII Zirvə görüşü çərçivəsində təşkil olunur. Dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə isə oktyabrın 30-na nəzərdə tutulub.