Sentyabrın 10-da Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Rəbbil oğlu Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılışı olub.
Modern.az xəbər verir ki, açılış mərasimində Lerik rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra icra edən və YAP Lerik Rayon təşkilatının sədri Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə şəhidin büstü qarşısında əklil və gül-çiçək dəstələri qoyulub, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biri də mayor Amid Heydərov olub.
Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi vəölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şəhid mayor Amid Heydərov ölümündən sonra Prezidentin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Tədbirdə çıxış edən C.Baxşiyev qeyd edib ki, səfərbərlik elan olduğu zaman Lerik rayonundan olan yüzlərlə gənc xidmətə müraciət edərək döyüşə hazır olduğunu bəyan edərək ordu sıralarına qatıldı:
"Onlardan 46 nəfər Vətən uğrunda döyüşlərdə şəhidlik zivəsinə ucaldı. Rayonumuzun şəhid və qazilərinin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirilir. Rayonda şəhid və qazilərə yüksək ehtiramın göstərilir. Vətən müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlərin əziz xatirəsi heç vaxt unudulmayacaq və daim əziz tutulacaq. Leriklilər torpaqlarımızın azad olunmasında göstərdikləri əvəzsiz xidmətlərinə görə ordumuzla qürur duyur".
Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Arif Həsənov 44 günlük Vətən Müharibəsində silahlı qüvvələrimizin əsgər və zabitlərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz şücaət göstərdiklərini, 44 gün ərzində canları, qanları bahasına 30 illik işğala son qoyduqlarını və torpaqlarımızı azad etdiklərini söyləyiblər.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri, döyüş yoldaşları, digər natiqlər şəhid adına göstərilən ehtirama, davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.