Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşları üçün ortaq muzey kartı tətbiqinin istifadəyə verilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr Kürşad Zorlu TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsi ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
Yeni təşəbbüsün türk dövlətləri arasında turizm əlaqələrinin genişlənməsinə və qarşılıqlı səfərlərin artmasına töhfə verəcəyi gözlənilir.
Kürşad Zorlu qeyd edib ki, ortaq muzey kartı tətbiqi ilə yanaşı, türk dövlətlərinin vətəndaşları üçün hava limanlarında ümumi qeydiyyat masalarının yaradılması istiqamətində də işlər aparılır.
Onun sözlərinə görə, bu təşəbbüslər Türk dünyasında səyahət imkanlarını genişləndirməyə və ölkələr arasında əlaqələri gücləndirməyə xidmət edəcək.
Qeyd edək ki, TDT-nin 13-cü Dövlət Başçıları Zirvəsi oktyabrın 30-da Ankarada keçiriləcək.