Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında milli həmrəylik, ideoloji təhlükəsizlik və dövlət suverenliyinin qorunması barədə mühüm mesajlar verib. Ölkə rəhbəri kənar təsirlərə qarşı ayıq-sayıq olmağın vacibliyini bildirərək, ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulayıb. Azərbaycandakı etnik-dini harmoniyanı sabitliyin əsas sütunu adlandıran dövlət başçısı, xalqın milli kimliyinə və müstəqil inkişaf xəttinə sadiqliyini bir daha diqqətə çatdırıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov bildirib ki, azərbaycançılıq ideologiyası xalqımızın tarixi təkamülünün və zəngin dövlətçilik ənənələrinin məntiqi nəticəsidir:
“Azərbaycançılıq ideologiyası xalqımızın çoxəsrlik tarixi təkamülünün, zəngin dövlətçilik ənənələrinin və müxtəlif mədəniyyətlərin qovuşduğu unikal coğrafi-mədəni məkanın məntiqi nəticəsi kimi meydana çıxmışdır. Bu ideologiyanın təməlində dayanan tarixi köklər Qafqaz Albaniyasının qədim mədəniyyətindən başlayaraq Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər, Əfşarlar dövlətləri və xanlıqlar dövrünə qədər uzanan böyük bir dövlətçilik xronologiyasını əhatə edir. Qədim və orta əsrlərdə bu coğrafiyada yaranmış imperiyalar və feodal dövlətlər müxtəlif tayfa, xalq və etnik qrupların vahid siyasi və mədəni mərkəz ətrafında birləşməsində həlledici rol oynamışdır. Məhz bu tarixi irs sübut edir ki, Azərbaycan torpaqları heç vaxt təcrid olunmuş bir bölgə deyil, əksinə, müxtəlif sivilizasiyaların, dillərin, dinlərin və mədəniyyətlərin qarşılıqlı təsirində formalaşan mütərəqqi bir mərkəz olmuşdur. Bu baxımdan, müasir azərbaycançılıq ideologiyası öz gücünü məhz bu dərin tarixi yaddaşdan, qədim dövlətçilik ənənələrindən və əsrlər boyu sınaqdan çıxmış dözümlülük və həmrəylik mədəniyyətindən alır”.
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası müxtəlif tərkibli tarixi və mədəni irsi vahid siyasi ideologiya ətrafında sistemləşdirmək olub:
“Qafqaz Albaniyasının xristian irsindən tutmuş Səfəvilər dövrünün islam-türk imperatorluğu modelinə qədər bütün bu mərhələlər bugünkü azərbaycançılığın təməl daşlarını təşkil edən mənəvi sütunlardır. Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası isə bu dağınıq, müxtəlif tərkibli tarixi və mədəni irsi vahid siyasi ideologiya - azərbaycançılıq platforması ətrafında sistemləşdirmək, onu müstəqil dövlətin qoruyucu qalxanına və inkişafverici gücünə çevirmək olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan cəmiyyətində mövcud olan mürəkkəb siyasi, etnik və sosial prosesləri düzgün qiymətləndirərək azərbaycançılığı sadəcə etnik mənsubiyyət deyil, ümumi vətəndaşlıq, dövlətə sədaqət, tarixi-mədəni dəyərlərə hörmət və ortaq gələcək naminə birlik prinsipi kimi formalaşdırdı. Bu ideologiya ölkə daxilində yaşayan bütün xalqların, etnik qrupların və dini konfessiyaların özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi, bərabərhüquqlu vətəndaşı kimi hiss etmələrini təmin edən ən etibarlı təminatdır”.
Komitə üzvü vurğulayıb ki, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tarixi birgəyaşayış təcrübəsinin beynəlxalq miqyasda təqdim olunması baxımından əhəmiyyətlidir:
“Məhz bu zəngin tarixi irsin və sınaqdan keçmiş multikulturalizm modelinin məntiqi davamı olaraq, Bakıda təşkil edilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülh və əməkdaşlıq xəritəsindəki strateji mövqeyini bir daha nümayiş etdirir. Əsrlər boyu formalaşan azərbaycançılıq məfkurəsi bu gün təkcə ölkə daxilində milli birliyi təmin etmir, həm də beynəlxalq aləmdə fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Müasir dünyada ksenofobiya, etnik qapalılıq və dini ayrı-seçkilik meyllərinin artdığı bir şəraitdə Bakı Forumunun keçirilməsi qlobal miqyasda dialoq və qarşılıqlı anlaşma mədəniyyətinin dirçəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə özünün tarixi birgəyaşayış təcrübəsini bəşəriyyətin ortaq dəyərinə çevirir və göstərir ki, müxtəlif mənşəli insanların dinc, yanaşı və həmrəy yaşaması mümkündür”.
K.Bayramov əlavə edib ki, azərbaycançılıq ideologiyası Azərbaycanın beynəlxalq aləmdə mənəvi-mədəni dialoq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir:
“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi azərbaycançılıq ideologiyasının dünyaya çatdırdığı barış və əməkdaşlıq mesajının qlobal miqyasda təqdim olunmasına xidmət edir. Bu platforma dünya liderlərini, beynəlxalq təşkilatları, mütəfəkkir və alimləri bir araya gətirərək müasir çağırışlara qarşı birgə həll yollarının tapılmasına və mədəniyyətlərarası dialoqun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Beləliklə, forum Azərbaycanın sadəcə siyasi, iqtisadi, enerji və nəqliyyat qovşağı deyil, həm də mənəvi-mədəni dialoq mərkəzi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir”.
Deputatın sözlərinə görə, azərbaycançılığın əsas mahiyyəti müxtəlif kimliklərin qorunması ilə vahid dövlətçilik ətrafında birliyin təmin edilməsidir:
“Azərbaycançılıq fərqli kimliklərin assimilyasiyaya uğramadan, öz milli-mədəni xüsusiyyətlərini qoruyub saxlamaqla vahid dövlət maraqları ətrafında sıx birləşməsinin modelini təqdim edir. Bu baxımdan, azərbaycançılıq xalqımızın milli kimliyini qoruyub saxlayan ideoloji bələdçi olmaqla yanaşı, həm də müasir dövrdə qlobal miqyasda qarşılaşan sivilizasiyalararası qarşıdurma təhlükələrinə qarşı sülh və əməkdaşlıq mesajıdır. Azərbaycançılığın dünyaya verə biləcəyi ən mühüm mesaj ondan ibarətdir ki, müxtəliflik zəiflik deyil, əksinə, cəmiyyəti gücləndirən, zənginləşdirən və dövləti qüdrətli edən əsas mənbədir. Yəni bizim üçün hər şeydən əvvəl əsas azərbaycançılıqdır. Məhz bu ideologiya sayəsində biz fərqliliklərimizlə birgə yaşamağı öyrənmişik, tarixi dövlətçilik ənənələrimizi bərpa etmişik və gələcəyə inamla baxan bir millətə çevrilmişik”.