Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, qazilər, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər davam etdiriləcək.
Modern.az-ın məlumatına görə, hər iki qurumun birgə təşkilatçılığı və “İydə parfum”un tərəfdaşlığı ilə Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirilib.
Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, “İydə parfum”un rəhbərliyi, qazilər, müharibə iştitakçıları iştirak ediblər.
Birlik rəsmiləri qeyd ediblər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan torpalarını düşmənin istilasından azad etməyə müvəffəq olub.
Zamin Zeynal bildirib ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı birgə tədbiri gerçəkləşdirməkdə məqsəd dövlət başçısının Şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə bağlı gördüyü işlərə dəstək olmaqdır.
Tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələrlə təltif olunub.