Ermənistanın Qafan meşə təsərrüfatına daxil olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsimi faktı aşkarlanıb.
Modern.az Trend-ə istinadən xəbər verir ki, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı hadisə yerində olan iki nəfərin kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi bildirilib.
Aşkarlanan oduncaq mühafizə üçün meşə təsərrüfatına təhvil verilib. Ehtimal olunan pozuntu törədən şəxslər barəsində protokollar tərtib olunub və ətraf mühitə dəymiş zərər hesablanıb.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi ilə həmsərhəddir.
Hadisə ilə bağlı açıqlamada kəsilmiş ağacların sayı, dəymiş zərərin məbləği və ehtimal olunan pozuntuya görə məsuliyyət daşıyan şəxslər barədə əlavə təfərrüatlar açıqlanmayıb.