Bir ovuc boyda olsa da, bir dünyanın yükünü çəkir ürək. Sinəmizdə gəzdirdiyimiz bu kiçik kütlə öz döyüntülərini, ritmlərni həyatımızın kədərinə, sevincinə, həyəcanlı anlarına, ağrı-acılarına uyğun tənzimləməyə məhkumdur. Ürək istər mənəvi, istərsə də tibbi-bioloji baxımdan həssas bir məsələdir. Çətin məqamlarda “ürəkli ol” demişik, kiməsə hədsiz sevgimizi bildirəndə “sən mənim ürəyimsən” söyləmişik, dünyadan köçən və unuda bilmədiyimiz insanlar haqqında danışanda “sən həmişə bizim ürəyimizdəsən” deyə təsəlli tapmışıq. Diqqət yetirin, çəkisi təxminən 300 qram olan ürəyə nə qədər mənəvi məsuliyyət yükləyirik. Hələ müxtəlif xəstəliklərlə bağlı ürəyin çəkdiyi əziyyətləri söyləmirəm. Zəlimxan Yaqubun təbirincə desək:
Çətin ağrılara dözmək çətindir,
Asan ağrıları çəkmək asandır.
Deməyə adamın dili də gəlmir,
Ürəkdən yapışır həmişə andır.
Yorduğumuz, dinclik vermədiyimiz, amansız şəkildə istismar etdiyimiz ürəyimiz bizdən üz döndərmək istəyəndə isə ürək həkimlərinə pənah aparmışıq, imdad diləmişik. Nə yaxşı ki, bu dünyada onlar var, ürəklərini ürəklərin sağlamlığna həsr edən həkimlər. Onlardan biri də tanınmış ürək və damar cərrahı, professor Bingur Sönməzdir.
Bu yubiley yazısında Bingur Sönməzin elmi yaradıcılığı, cərrahlıq fəaliyyəti ilə bağlı uzun-uzadı yazmaq fikrim yoxdur. Bir faktı qeyd etmək kifayət edər. Professor arxada qoyduğu illərdə 15 minə yaxın uğurlu açıq ürək əməliyyatı həyata keçirib. Bununla da Bingur Sönməz ömrünün bir hissəsini məhz cərrah masasının arxasında keçirərək minlərlə insasnın ömrünə ömür calayıb.
Bingur Sönməz sadəliyi, təvazökarlığı ilə sevilən və seçilən bir insandır. Onun üçün “pasient seçimi” yoxdur, professor üçün hədəf ürəkdir, sağalmağa, yenidən döyünməyə can atan ürək. Və ən əsası, Bingur Sönməz pasientinin imdadından əvvəl onun ürəyinin “yalvarışını” eşidə bilir, onunla ünsiyyət qurmağı bacarır və mümkün olanları ondan əsirgəmir.
Son dərəcə vətən sevgili, milli ruhlu, tarixinə, soy-kökünə bağlı olan Bingur Sönməz həm də türk tarixinin araşdırmaçısı kimi də tanınır. Professorun bu sahədəki gərgin çalışmalarından biri 1915-ci il Sarıqamış hadisələri ilə bağlıdır. Vaxt məhdudiyyətinə baxmayaraq onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda “Cəhənnəm adası Nargin” filmi çəkilib, bu faciəli hadisələrlə bağlı Bingur Sönməzin samballı təhqiqat əsərləri kitab şəklində işıq üzü görüb, dünya ictimaiyyətinə təqdim olunub.
Professorun Azərbaycana münasibəti özəldir, məmləkətimizi özününkü sayır, Azərbaycanı və azərbaycanlıları ürəkdən sevir. Bəli, Bingur Sönməzin ürəksiz bir işi yoxdur.
Bu gün bu ürəkli insanın 70 illik yubileyidir. Bu yubileyin üzərinə düşən işıqların sayını heç bir cihazla ölçmək mümkün olmaz. Bu, vaxtilə Bigur Sönməzin əl gəzdirib işıq saldığı ürəklərin əksidir. Bu, sağlığında Bingur Sönməzə ucaldılan işıq heykəldir.
Yubileyiniz MÜBARƏK, Böyük Türk, şəfa Adamı, ürəklərə işıq saçan DOKTOR!
P.S. Bu günlərdə İstanbulda əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin dəstəyi ilə əməkdar jurnalist Hikmət Xudiyevin Bingur Sönməzin 70 illik yubileyinə həsr edilmiş “Professor Bingur Sönməz – Türk dünyasının dəyəri” adlı kitabı işıq üzü görüb.
İlham Cəmiloğlu