Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür.
Modern.az xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 4-də saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometrdən artıq uzaqlıqda yerləşən, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.
Atılmış 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda, evə külli miqdarda ziyan dəyib.
Ermənistan tərəfindən Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının hədəf alınması çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədi daşıyıb.