Qazaxıstanın hakim Amanat partiyası hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.
Modern.az-ın məlumatına görə, bu barədə partiyanın növbədənkənar qurultayının nümayəndələri cümə axşamı müvafiq qərarın lehinə səs veriblər. Partiyanın icra katibi Asxat Oralov səsvermənin nəticələrinə yekun vurarkən Tokayevin yenidən namizəd olduğunu qeyd edib.
Çərşənbə günü bir sıra ictimai təşkilatlar və birliklər, o cümlədən Milli Könüllülər Şəbəkəsi, Qazaxıstanın Vətəndaş Alyansı, Generallar Şurası, Qazaxstan komandası gənclər birliyi, Əfqanıstan Müharibə Veteranları Assosiasiyası, İdmançılar İttifaqı prezidentliyə namizəd kimi hazırkı dövlət başçısını dəstəklədiklərini bəyan ediblər.
Tokayevin özü də həmin gün Pavlodar vilayətində ictimaiyyətlə görüşdə bildirib ki, o, seçkiyə hansısa konkret təşkilatdan deyil, seçkinin ictimai əsasını təşkil edən geniş ictimai-siyasi qüvvələrin koalisiyasından getməyi düzgün hesab edir. Bu, onun fikrincə, “dövlət başçısının müxtəlif partiya və birliklərdən bərabər məsafədə olması prinsipini təsdiqləməyə” imkan verəcək.
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.