Modern.az

Yeni Azərbaycan Partiyasını yeni hədəflərə yönəldən QURULTAY

Yeni Azərbaycan Partiyasını yeni hədəflərə yönəldən QURULTAY

Aktual

7 Oktyabr 2022, 10:50

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Bu qurultay partiyanın və ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edirdi. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi.


Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir. Bu il noyabrın 21-də ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümüdür. Ötən bu müddət ərzində partiya Sədr, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun, yüksələn inkişaf xəttini əsas prinsip olaraq müəyyən edib, yeni hədəflərə, çağırışlara doğru addımlamaqda davam edir.


Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevlə bağlıdır və onun ətrafında yaradılıb. Ulu öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının tərkibində olan dövlətimiz iqtisadi göstəricilərə, sosial inkişafa, siyasi nüfuzuna görə təəssüf ki, axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində isə yüksəlməkdə davam edən Azərbaycan 1982-ci ildə  müttəfiq ölkələr arasında qabaqcıl yerlərə qədər qalxdı. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ümummilli liderin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırıb.


Heydər Əliyevin davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və bu kimi milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Əsasən, ölkənin aparıcı siyasi təşkilatı və geniş elektorata, əhatə dairəsinə malik olan partiyası kimi YAP-ın da üzərinə bu istiqamətdə mühüm vəzifələr və məsuliyyət düşür. Məhz bu baxımdan partiyanın tarixi Zəfərdən sonra keçirilən ilk və mühüm qurultayı ölkənin inkişafında da yeni mərhələnin əsasının qoyulması ilə xarakterizə edildi. VII qurultay partiyanın inkişafı, müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyətli hadisə kimi qeyd edildi.


İslahatların ən mühüm istiqamətlərindən birini də ictimai-siyasi institutlaşma və siyasi sistemimizin təkmilləşdirilməsi təşkil edir. Hər bir ölkənin siyasi sistemi özünün struktur elementləri ilə tamdır və ictimai-siyasi proseslərin keyfiyyətini təyin edir. Azərbaycanda da cəmiyyətin siyasi lokomotiv institutları şübhəsiz ki, siyasi partiyalardır. Onların fəaliyyəti, fəaliyyətsizliyi, yaxud fəaliyyətinin ictimai faydalılıq əmsalı göstəriciləri siyasi sistemin inkişafı üçün əsas şərt kimi çıxış edir. Bu, həm də siyasi sistemimizin hesabatlılığı üçün olduqca vacibdir. Müxtəlif dövrlərdə bu münasibətlər passiv, dinamik, dəyişkən və bəzən də qarşıdurma vəziyyətində olub. Siyasi partiyalar ölkədaxili milli çağırışlar kontekstində cəmiyyətin gözləntiləri ilə ayaqlaşmağa çalışsalar da, bəzən bu fəallıq, sadəcə, seçkilərdə iştirakçılıqla məhdudlaşıb. Yalnız Prezident İlham Əliyevin  təşəbbüsü və bu sahədə də islahatları dərinləşdirmə siyasətindən sonra siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başladı. Belə ki, Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi, beləliklə də, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy, immunitet qabiliyyətli yetkin bir sistem olduğunu göstərdilər.


Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. Partiyanın VII qurultayından sonra yeni mərhələ və hədəflər haqqında danışan YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir:


“Bilirsiniz ki, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyən olunması vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi.


Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.


Bir məqama da toxunmaq istəyirəm. Bilirsiniz ki, VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq”.


Cənab Tahir Budaqovun fikirlərinə qüvvət olaraq, onu da vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ictimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsasının qoyulması demək idi. Partiyadakı önəmli dəyişikliklər fəaliyyətin funksionallığının daha da artırılmasına, bütövlükdə siyasi sistemimizdə canlanmanın yaranmasına səbəb oldu.


Partiyanın inkişaf tarixinin mahiyyət etibarilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilən Qurultaydan ötən dövr ərzində yeni Nizamnamə və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər uğurla həyata keçirilir. Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyası fəaliyyətini məhz müasir çağırışlara uyğunlaşdırır. Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və s. Yeni Azərbaycan Partiyasının Proqramında müəyyən olunan strateji hədəflər sırasındadır.


VII qurultayda prioritet məqsəd və vəzifələri yeniləyən Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını bir daha nümayiş etdirdi. Həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsasını qoyan VII qurultay haqqında əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.


Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən qlobal inteqrasiya proseslərinə, demok­ratik dünya dövlətlərinin birliyi kimi əhəmiyyətli məqamlara adekvat yanaşmaqla bərabər, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, bö­yük mədəniyyəti ilə dünya inkişa­fının öncül sıralarına çıxarmaqda maraqlıdırlar. Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız sözün əsl mənasında tarix yazır. Bu, müstəqil Azərbaycanın tərəqqi tarixi, partiyamızın şərəf tarixidir.


Aysel Aslan

Məqalə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının elan etdiyi yazı müsabiqəsinə təqdim olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı