Bakı Şəhər Gənclər İdman Baş İdarəsində paytaxtın orta ümumtəhsil məktəb şagirdləri arasında “27 sentyabr-Anım günü” ilə əlaqədar “Qarabağ Azərbaycandır” mövzusunda inşa yazı müsabiqəsinin qalib və mükafatçılarının təltifolunma tədbiri keçirilib.
Modern.az-ın məlumatına görə, öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Raqif Abbasov bildirib ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili olaraq qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik işğala son qoyuldu.
Dünyanın diqqət mərkəzində olan Qarabağ və onun tacı Şuşanın dünya mədəniyyət paytaxtı kimi hər kəsi heyran etdiyini deyən idarə rəisi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərn həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olunduğun söyləyib.
Daha sonra tədbirdə çıxış edən Vətən mühasibəsinin iştirakçıları bildiriblər ki, Zəfərimiz tariximizin ən yaddaqalan səhifəsi kimi əsrlər boyu yaşayacaq. Bu Qələbə gələcək nəsillərə kitablar, filmlər vasitəsilə çatdırılacaq, o cümlədən bugünkü inşa formasında gələcək nəsillər olan uşaqların hafizəsinə əbədi yazılacaq.
Qeyd edək ki, iki mərhələdə keçirilən müsabiqədə Bakı şəhəri üzrə 300-dən çox yazı təqdim olunub. Finala 15 ən yaxşı inşa vəsiqə qazanıb. Qalib və mükafatçıları Baş İdarənin rəisi Raqif Abbasov təltif edib.
Mükafatçılar sırasında A.Hüseynzadə adına 20 nömrəli məktəbin 7a sinif şagirdi Leyla Soltanzadə də Fərqlənmə diplomu ilə təltif olunub.