Rusiya Krım körpüsünün partladılmasından sonra Ukraynaya qarşı hücumları intensivləşdirib. Bu gün səhər saatlarından Ukraynanın Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və digər şəhərlərinə raket hücumları təşkil olunub. Zərbələr nəticəsində ölənlər və yaralananlar olub.
Bəzi xarici ekspertlər Rusiyanın hücumlarını Krım körpüsünün qisası kimi qiymətləndirirlər.
Ukrayna ətrafında baş verən son hadisələr barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyanın son hücumları qisas əməliyyatı deyil, bu, sadəcə Ukraynanı yenidən danışıqlar masasına qaytarmağa hesablanmış planın bir hissəsidir:
“Bu gün səhər saatlarında Rusiya Ukraynaya 75 raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, 35 raket Kiyev, Zaporejye, Lvov və digər ərazilərə düşüb. Ukrayna Rusiyanın hücumuna çoxdan hazır idi. Artıq Kiyevdə insanlar metrolardan sığıncaq kimi istifadə edirlər. Bütün bu hücumlar həm də Putinin son çırpıntıları kimi qiymətləndirilməlidir. Ordusu çətin vəziyyətə düşmüş Rusiya komandanlığı bu yolla Ukraynanı danışıqlar masasına qayıtmağa məcbur etmək istəyir. Amma Rusiya unudur ki, təsir əks təsirə bərabərdir. Bu gün Kiyevin mərkəzinə hücum edən Rusiya hansı danışığa ümid edə bilər? Heç bir danışıq olmayacaq. Artıq Xerson istiqamətində hücumun intensivliyi artıb. Rusiya Baxmut istiqamətindən qoşunları töküb ki, orada nəsə nəticə əldə etsin. Ancaq bunlar heç bir nəticə vəd etmir. Ukrayna bundan sonra sürətlə irəliləyəcək. Müharibə artıq finiş nöqtəsinə çatmaqdadır. Rusiya ordusu Ukrayna ərazisindən çıxarılacaq".

Hərbi ekspertin fikrincə, Rusiya raket hücumlarının bədəlini çox ağır şəkildə ödəyəcək:
“İndiyə qədər buna oxşar hadisələr olmuşdu. Bu gün baş verənlər Rusiyanın son cəhdidir. Yaxın saatlarda Ukrayna ordusu Rusiya ərazisini mütləq şəkildə raket atəşinə məruz qoyacaq. Beləliklə, Rusiya daxilində maraqlı və dramatik hadisələr baş verəcək. Bu da çox çəkməyəcək, yaxın saatlarda həmin proseslərin şahidi olacağıq. Danışıqlara gəlincə, nə Ərdoğan, nə Makron, nə də digərləri Ukraynanı heç bir halda Rusiya ilə danışıqlar masasında oturmağa məcbur edə bilmədilər. Hətta, Ukrayna Prezidenti rəsmi sənəd imzaladı ki, indiki Rusiya hakimiyyəti ilə heç bir halda danışıqlar aparılmayacaq. Bu gün Putin müharibənin gedişində yol verdiyi çox ciddi və kritik səhvlərə yenisini əlavə etmiş oldu. Bir daha deyirəm, bu səhvin nəticələrinin nə olacağını gün ərzində daha aydın görəcəyik".
Üzeyir Cəfərov hesab edir ki, artıq Ukrayna dözüm nümayiş etdirməyəcək və Rusiyaya qarşı sonadək vuruşacaq:
"Ukrayna Rusiyanın ərazisinə hücum edəcək və heç bir problem yaşamayacaq. Rusiya kimdir ki, suveren dövlətin ərazisini, kritik infrastrukturu vurur? Sadəcə indiyə qədər Ukrayna dözüm nümayiş etdirirdi. Ancaq bundan sonra Ukrayna eyni münasibəti bəsləməyəcək”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyadan qisas alınacağına söz verib.
"Ölkənin hər yerində hava hücumu davam edir. İnsanlar arasında itkilər, dağıntılar var. Rusiya Federasiyasının terror aksiyaları dinc əhaliyə qarşı yönəlib. Düşmən torpağımıza gətirdiyi ağrının və ölümün cəzasını alacaq! Biz qisas alacağıq”, - deyə nazirlikdən bildirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko isə dünya ölkələrindən yardım istəyib. Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edərək döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin verilməsini xahiş edib.
“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır. Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”, Ukrayna rəsmisi sözlərinə əlavə edib.