Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, o, Rusiyanın qoşunlar qrupunun yeni komandanı, general Sergey Surovikinin rəhbərliyi altında Ukrayna müharibəsini uğurla başa çatdıracağına tam əmindir.
Modern.az xəbər verir ki, Kadırov bu barədə özünün Telegram kanalında yazıb.
Kadırov Surovikini ad günü münasibətilə təbrik edib. Çərşənbə axşamı, oktyabrın 11-də onun 56 yaşı tamam olub.
“Onun qətiyyətinə, peşəkarlığına, vətənpərvərliyinə heç vaxt şübhə etməmişəm. Tam əminəm ki, onun rəhbərliyi altında xüsusi əməliyyat uğurla başa çatacaq və lazım gələrsə, NATO qoşunlarına güclü cavab verəcəyik, buna şübhə etmirəm”, - Kadırov deyib.
Kadırov hesab edir ki, Ukrayna müharibəsində qarşı tərəfin hərbçilərilə çox sərt davranılmalıdır. O əlavə edib ki, Ukrayna “satanistlər, faşistlər” tərəfindən idarə olunur. Kadırov Rusiya ordusunun gücünü və qüdrətini nümayiş etdirməyə, habelə Ukrayna xalqını bu “şər ruhdan və lənətlənmiş Qərb siyasətindən” xilas etməyə çağırıb.
Ramzan Kadırov hesab edir ki, rus qoşunları Kiyevi Moskva ilə zarafat etməkdən həmişəlik çəkindirmək öhdəliyi daşıyır.
“Sərhədimizdən keçən hər bir gülləyə sərt və cəsarətli bir zərbə ilə cavab verməliyik ki, Rusiya ilə zarafat etmək istəyini həmişəlik ruhdan salaq”.

Qeyd edək ki, şənbə günü, oktyabrın 8-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu general Surovikini “xüsusi əməliyyat zonası”nda Birləşmiş Qüvvələr Qrupunun komandiri təyin edib.
Surovikin 2017-ci ilin noyabr ayından Rusiyanın Aerokosmik Qüvvələrinin (VKS) baş komandanı vəzifəsində çalışırdı. 2019-cu ilin yanvarından aprel ayına qədər o, Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edib. 2022-ci ilin iyununda Ukrayna müharibəsində Rusiya qoşunlarının Cənub qruplaşmasına rəhbərlik edib.
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də Surovikini Rusiya ordusunun ən bacarıqlı komandiri kimi tərifləyib.