Bu gün Füzuli şəhərinin düşmən tapdağından azad olunmasından iki il ötür...Füzuli döyüşləri İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir.
Bu münasibətlə “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Füzuli Füzulidə” adlı ədəbi-bədii gecə keçirilib.
44 günlük Vətən müharibəsində ağır və uzun döyüş əməliyyatları aparılan Füzuli şəhərinin azad olunmasını bu gün bayram kimi yaşayan rayon sakinləri, şəhid ailələri və qazilərin də iştirak etdiyi gecə ilk növbədə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Sayğı duruşu Azərbaycan himninin sədaları altında davam edib.
Modern.az-ın məlumatına görə, tədbiri açan yazışı-publisist Seyran Səxavət Füzuli rayonunun işğaldan əvvəl və sonrakı vəziyyəti haqqında danışıb. Tədbirdə çıxış edən şair Vaqif Bəhmənli, tarixçi, Füzuli rayonu mədəni abidələrinin tədqiqatçısı Nazim Vəlişov erməni vəhşiliyinə məruz qalmış Füzuli şəhərində gedən 1-ci Qarabağ döyüşlərindən söz açıb.
Tədbirdə İlyas Əfəndiyevin eyniadlı ”Qarabağnamə” tamaşasından kiçik bir səhnə, ”Son nəfəsədək” bədii filmindən bir fraqment nümayiş etdirilib.
Birinci Qarabağ müharibəsində ağır döyüş yolu keçən polkovnik Şair Ramaldanov Füzuli şəhərinin fəxri vətəndaşı və o günlərin canlı şahidi kimi öz ürək sözlərini və sevincini bölüşüb.
Ədəbi-bədii gecədə Eldəniz Məmmədov, Ağabala Abdullayev, Nadir Bayramlı, Nizami Abdullayev, Təşkilat Nəsirov kimi sənətkarlar vətənpərvər ruhda yazılmış mahnılar ifa etməklə bayram sevincinə sevinc qatıblar.
Gecənin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə təbrik müraciəti oxunub.
Müraciətdə Füzuli sakinləri “Dəmir yumruq” əməliyyatı ilə Qarabağın cənub qapısı, hərbi plasdarmı olan Füzuli rayonunun 27 ildən sonra düşmən işğalından azad edilməsinə görə ölkə başçısına minnətdarlıq ediblər.
"27 sentyabr 2022-ci ildə Sizin Birinci vitse-perzident Mehriban xanım Əliyava ilə birgə Füzuli rayonunun Qaraxanbəyli kəndinin ərazisində Daş Abidə ucaltmağınız şəhidlərimizin ruhunu sevindirdi", - deyə müraciət müəllifləri bildiriblər.
Müraciətin sonunda qeyd edilib:
"Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!
Bu sevinc hisslərini, əzəməti, vüqarı, zəfər ruhunu bizə yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildirir və bir daha Sizi bayram günündə səmimi qəlbdən təbrik edir, ölkəmizdə, regionda və dünyada apardığınız müdrik, mərd, cəsarətli siyasətinizi dəstəkləyir, Sizin ətrafınızda sıx birləşir, Azərbaycanımızın daha da çiçəklənməsi naminə Sizinlə birgə addımlayırıq!".