Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, eləcə də anklav və eksklavların taleyi ilə bağlı müzakirələr davam edir. Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yanaşması bu məsələlərin həlli mexanizmlərini yenidən gündəmə gətirib. Ərazi bütövlüyünün qorunması və mümkün ərazi mübadiləsinin hansı şərtlərlə həyata keçirilə biləcəyi diqqət mərkəzindədir.
Modern.az-a açıqlamasında “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov bildirib ki, sərhədlərin delimitasiyası ilə anklav və eksklav məsələlərinin həlli fərqli proseslərdir:
“Paşinyanın dediyi sərhədlərin müəyyən olunması üçün istifadə edilən üsullardan biridir. Sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Anklav və eksklav məsələsi isə tamamilə fərqli mövzudur. Hər iki ölkənin ərazi bütövlüyü dedikdə konkret rəqəmlər nəzərdə tutulur. Azərbaycanın ərazisi 86,6 min kvadratkilometr, Ermənistanın ərazisi isə 29 min 743 kvadratkilometrdir. Yəni bu ərazilərin hüdudları daxilində anklav və eksklavlar da mövcuddur. Digər tərəfdən, sərhədlərin dəyişdirilməsi məsələsi ortaya çıxarsa, bu, referendum yolu ilə həyata keçirilməlidir. Ərazi bütövlüyü, yəni mümkün ərazi mübadiləsi elə formada seçilməlidir ki, hər iki tərəfin ərazisinin ümumi ölçüsü qorunub saxlanılsın”.
F.Məmmədov qeyd edib ki, Azərbaycanın anklav və eksklav məsələsinin həlli üçün hansı yanaşmanı seçəcəyi zamanla bəlli olacaq:
“Azərbaycanın bu məsələdə tələsmədiyi görünür. Proses ümumi sülh gündəliyinin gedişindən asılıdır. Konkret mərhələyə keçildikdə, yaranacaq şəraitə uyğun olaraq anklav və eksklav məsələsinin necə həll ediləcəyi müəyyənləşəcək”.