Modern.az

Prezident AQEM tribunasından dünyaya hansı mesajları verdi...

Prezident AQEM tribunasından dünyaya hansı mesajları verdi...

Analitika

Bu gün, 14:28

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı keçirilib. Azərbaycanın sədrliyi ilə keçirilən sammitdə regional təhlükəsizlik, beynəlxalq hüququn prinsipləri, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub. Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ikili standartların tətbiqini tənqid edib, Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb. Azərbaycanın təşkilata sədrliyinin daha iki il uzadılması və Laosun AQEM-ə üzv qəbul edilməsi də sammitin diqqətçəkən nəticələri sırasında olub.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, AQEM Asiyada sülhün, təhlükəsizliyin, siyasi dialoqun və dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır.

Deputat qeyd edib ki, 1992-ci ildə yaradılan təşkilat hərbi-siyasi təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, ekoloji və davamlı inkişaf, eləcə də humanitar əlaqələr kimi istiqamətləri əhatə edir. Onun sözlərinə görə, Azərbaycan 2024-2026-cı illərdə təşkilata sədrlik etdiyi dövrdə rəqəmsallaşma, nəqliyyat əlaqələrinin inkişafı, davamlı iqtisadi artım, regional təhlükəsizlik və institusional islahatları əsas prioritetlər kimi müəyyənləşdirib.

            

E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyevin sammitdəki çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb:

“Cənab Prezident qeyd etdi ki, Azərbaycan hər zaman dövlətlərin bərabərhüquqluluğuna, daxili işlərinə qarışmamaq prinsipinə, ərazi bütövlüyünə və suverenliyinə əsaslanan xarici siyasət kursunun dünyada həyata keçirilməsində maraqlıdır. Azərbaycan dövlətlərarası münaqişələrin həllində ikili standartların və selektiv yanaşmaların tətbiqinə qarşı fəal və əsaslandırılmış mövqe nümayiş etdirir. Bu kontekstdə dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra uzun illər ikili standartlarla üzləşdiyini vurğuladı. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına baxmayaraq, Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Halbuki BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğal olunmuş ərazilərdən erməni qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdi. Lakin həmin qətnamələr icra olunmadı, ATƏT-in Minsk Qrupu isə münaqişənin həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Ermənistanın keçmiş və indiki rəhbərliyinin mövqeyini, eləcə də münaqişə dövründə səsləndirilən bəyanatları xatırladaraq, Azərbaycanın uzun illər üzləşdiyi təhdidlərə diqqət çəkib. E.Nəsirov bildirib ki, 2020-ci ildə baş verən 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

O əlavə edib ki, Azərbaycan müharibədə qalib gəlməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasını prioritet hesab edir:

“Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycan qalib gəlsə də, sülh tərəfdarıdır və Ermənistanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarıdır. Biz artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşayırıq. Bununla belə, sülh hələ də kövrəkdir və onu qorumaq, möhkəmləndirmək lazımdır”.

E.Nəsirov Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinə də toxunub. O, Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək konstitusiya dəyişiklikləri və sülh prosesi ilə bağlı açıqlamalarını xatırladaraq, prosesin uzadılmasının qəbuledilməz olduğunu bildirib:

“Ermənistanın baş naziri əvvəllər yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini 2026-cı ilin sonu və 2027-ci ilin əvvəli ilə əlaqələndirirdi. İndi isə sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanmasının nəzərdə tutulduğuna dair yanaşma ortaya qoyulur. Bu, prosesi daha beş il uzatmaq deməkdir və ümumiyyətlə, qəbuledilməzdir. Bu vəziyyət Ermənistanın sülh prosesində əvvəlki prinsipiallığı nümayiş etdirmədiyini göstərir”.

Deputatın fikrincə, beynəlxalq aktorların Ermənistana verdiyi dəstək və təşviqlər də regionda sülh prosesinin gedişinə təsir göstərə bilər. O hesab edir ki, tərəflər mövcud reallıqları nəzərə alaraq sülh gündəliyinin irəliləməsinə çalışmalıdırlar.

E.Nəsirov AQEM-in institusional inkişafının da sammitin mühüm nəticələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın təşəbbüsləri və üzv dövlətlərin dəstəyi nəticəsində təşkilatın hüquqi və institusional imkanları güclənib, üzvlərinin sayı artıb.

“Bakıda keçirilən sammit çərçivəsində Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv qəbul edilməsi haqqında qərar verildi və təşkilatın üzvlərinin sayı 28-dən 29-a yüksəldi. Eyni zamanda, Azərbaycanın təşkilata sədrliyinin daha iki il uzadılması təklifi dəstəkləndi. Bu, ölkəmizin sədrliyinə verilən qiymətin göstəricisidir”, – deyə deputat vurğulayıb.

O, AQEM-in mövcud beynəlxalq şəraitdə rolunun artmasının vacibliyini qeyd edərək bildirib ki, təşkilat regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə bilər. E.Nəsirovun sözlərinə görə, müasir dünyada sülh və təhlükəsizliyə təhdidlərin artdığı bir vaxtda dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar