“Bir daha deməliyəm ki, əxlaq deyilən bir anlayış var. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videoyazların həqiqiliyini, habelə bu kadrların videoya çəkildiyi yerləri, bu videoyazılarda təsvir edilən hərbi qulluqçuların şəxsiyyətlərini, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün başqa detalları tam, hərtərəfli təhqiq edəcək”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.
Ə.Əsədov qeyd edib ki, təhqiqatın nəticələrinə əsasən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək:
“Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatların gedişində törədilmiş müharibə cinayətlər ilə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən təhqiq edilir”.
İclas iştirakçılarının diqqəti Birinci Qarabağ müharibəsinin gedişində Ermənistanın törətdiyi cinayətlərə də cəlb edilib.
Vurğulanıb ki, Birinci Qarabağ müharibəsində erməni hərbi qulluqçular təkcə azərbaycanlı hərbi qulluqçulara deyil, dinc sakinlərə də misli görünməmiş divan tutublar. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Dörd minə yaxın azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat təqdim edilməyib. İşğaldan sonra biz həm hərbi qulluqçuların, həm də dinc əhalinin kütləvi məzarlıqlarını aşkar edirik.
Əli Əsədov bir daha bəyan edib ki, Azərbaycan özünün bütün öhdəliklərini yerinə yetirib, yerinə yetirir və yerinə yetirəcək.
Ermənistanın baş nazirinin müavini M.Qriqoryan deyib ki, Ermənistan heç bir prosesi pozmur. Qeyd edilib ki, Ermənistan erməni tərəfinin təqdim etdiyi bütün faktlara adekvat qiymət almaq istəyir.
İclasın yekunlarına əsasən, bir sıra sənədlər imzalanıb.