Modern.az

İstanbulda güclü yağışlar nəticəsində ölənlər var - VİDEO

İstanbulda güclü yağışlar nəticəsində ölənlər var - VİDEO

Dünya

Bu gün, 15:21

Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Şəhərin bir çox küçə və prospektləri su altında qalıb, avtomobillər sel sularında ilişib, yaşayış evlərini və iş yerlərini su basıb.

Modern.az "TRT Haber"-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib.

Oktyabrın 14-də başlayan intensiv yağışlar xüsusilə Sarıyer, Küçükçekmece, Ümraniye, Kağıthane və digər rayonlarda ciddi problemlər yaradıb.

Bəzi ərazilərdə avtomobillər sel sularının təsiri ilə sürüklənib, sürücülər və sərnişinlər nəqliyyat vasitələrində köməksiz vəziyyətdə qalıblar. Sarıyerdə su basmış küçədə avtobusda qalan sərnişinlər xilas olmaq üçün nəqliyyat vasitəsinin üstünə çıxmalı olublar.

Şəhərdə bəzi çayların daşması nəticəsində yaşayış binalarının aşağı mərtəbələrini, ticarət obyektlərini və dayanacaqları su basıb.

İstanbul Valiliyinin məlumatına görə, oktyabrın 14-də səhər saat 06:00-dan 20:00-dək fövqəladə xidmətlərə 2518 müraciət daxil olub. Ümumilikdə 1277 su basması, 15 torpaq sürüşməsi və 47 köməksiz qalma hadisəsi qeydə alınıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 8 min əməkdaş, 2 min texnika və xüsusi nəqliyyat vasitəsi səfərbər edilib.

Sarıyerin Ayazağa məhəlləsində iş yerlərində köməksiz vəziyyətdə qalan 200-ə yaxın şəxs xilas edilib.

Güclü yağışlar səbəbindən oktyabrın 15-də İstanbulda məktəblərdə dərslər dayandırılıb.

Şəhərin bəzi ərazilərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunub, xilasetmə və suyun təmizlənməsi işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?