Modern.az

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı yeni müstəvidə

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı yeni müstəvidə

Aktual

24 Noyabr 2022, 23:14

Uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə ciddi zəmin yaradıb. Şübhəsiz ki, aparılmış dəqiq siyasətin məntiqi nəticəsi olaraq regionun super gücü olan Azərbaycanla indi xarici ölkələrin əksəriyyəti əlaqələr qurmaqda, tərəfdaşlıq münasibəti yaratmaqda maraqlıdır. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları, eyni zamanda, liderlərin Azərbaycana səfərləri və ölkəmiz  haqqında səsləndirilən müsbət fikirlər bunun sübutudur. Ölkə başçısının Belqradda qarşılanması və keçirilən görüşlər respublikamıza göstərilən xoş münasibətlə yanaşı, xüsusi olaraq dövlət başçısı kimi Azərbaycan Prezidentinin nüfuzunun Avropada  göstəricisi idi.

 

Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxta təsadüf edirdi. Bu zaman ərzində  ökəmizin rəhbərinin bildirdiyi kimi, Serbiya və Azərbaycan bir-birilərini beynəlxalq arenalarda qarşılıqlı şəkildə müdafiə edir, ikitərəfli əlaqələrin inkişafına töhfələrini əsirgəmirlər. Reallıq onu göstərir ki, münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Belqradda keçirilən görüşlər zamanı Serbiya Prezidentinin Azərbaycan liderinə münasibəti xüsusilə diqqət çəkən idi. Belə ki, onun “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” sözləri bir dövlət başçısının digərinə verdiyi ən yüksək qiymət kimi qəbul olunmalıdır.

 

Bundan başqa Aleksandar Vuçiçin  “Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir” fikri düşünürəm ki, ölkəmizin başçısının dünya miqyasında nüfuzunun real mənzərəsi idi.

 

Bu, həm də o anlamı verir ki, Prezident fəaliyyəti dövründə istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə imzasını və ölkəsini şərəfləndirib. İnkişafın Azərbaycan modelinin təşviqi ilə  ölkəmizin son dərəcə etibarlı tərəfdaşlıq brendini yaradıb. Prezident İlham Əliyevin xarici ölkələrə və Serbiya səfəri də bunun təsdiqidir.

 

Səfər çərçivəsində  prezidentlərin Birgə Bəyanatı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalamaları gələcək perspektivlər üçün daha  geniş imkanlar açır.

 

Ölkə başçısının bildirdiyinə  görə, iki ölkə arasında təbii qaz, eləcə də elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Bundan əlavə, Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatında əvəzsiz rola malikdir və biz dost olan ölkələrlə bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırıq.

 

Dövlətimizin başçısı  Belqradda, iki ölkə arasında növbəti illər üçün gündəlik tərtib etdiiyini bəyan edərək prezidentlər tərəfindən  bu gündəliyin diqqətdə saxlanılacağını, məsələlərin icrasına nəzarət ediləcəyini vurğuladı və görüşlərin intensiv xarakter almasının zəruriliyini ifadə etdi.

 

Serbiya səfərində Azərbaycan Prezidentinin çıxışında vurğulanan məsələlərdən ən önəmlisi heç şübhəsiz ki, Ermənistanla münasibətlər idi. Azərbaycan torpaqlarının 30 il işğal altında saxlandığını bildirən dövlətimizin başçısı bu müddət ərzində erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildiyini, həmçinin BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, bir sözlə, bütün aparıcı beynəlxalq təşkilatların respublikamızın haqlı mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsinə rəğmən problemin həll olunmadığını bildirib.

 

Azərbaycan lideri ancaq beynəlxalq təşkilatların qərar və qətnamələrinin, onların icrasının selektiv xarakter daşıdığını qeyd edərək, həmin qurumların gələcək fəaliyyəti ilə bağlı ciddi dəyişikliklər edilməsinin vacibliyini dilə gətirib. Bu, Azərbaycanın lider dövlət statusundan Prezidentin ifadə etdiyi bir qətiyyət idi. Beləliklə, Prezident İlham Əliyevin bu bəyanatı ölkəmizin, onun liderinin beynəlxalq müstəvidə müstəqil və qüdrətli mövqeyini bir daha təsdiq etdi. Bütövlükdə Belqrad səfərində ölkəmizə və onun liderinə göstərilən münasibət, düşünürəm ki, hər birimizdə qürür hissi yaratdı.

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?