Modern.az

Rusiyaya qarşı ikinci cəbhə - İrəvanı Hələbin taleyi gözləyir

Rusiyaya qarşı ikinci cəbhə - İrəvanı Hələbin taleyi gözləyir

Aktual

1 Fevral 2023, 12:24

Rusiyanın Gümrüdəki bazası, Xankəndidəki missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin toqquşması qaçılmazdır.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

 

Komitə sədri bildirib ki, 23 yanvar tarixində Avropa Birliyi mülki missiya adı altında 100 nəfərlik hərbi kəşfiyyat qrupunu iki illik müddətə Ermənistanla sərhədlərə göndərmək qərarı çıxardı:

 

"Dövlətimiz haqlı olaraq, Qərbin silahsız taborunun qanuniliyini tanımır və onlarla əməkdaşlığa getməyəcəyini bəyan edir. Sual olunur: missiya üzvlərini BMT-mi seçib, yaxud Avropa Birliyi nə vaxtdan təhlükəsizlik və hərbi təşkilat olub? Şübhəsiz, bölgəyə gətirilən NATO-nun məxfi emissarlarıdır və qərarı Avroatlantik Alyansın hərbi-siyasi generalları verib. Ermənistanı Rusiya, İran, Türkiyə və Azərbaycanın əlindən almaq, bölgəyə beynəlmiləl muzdluları yerləşdirmək sabitliyə xidmət etməyəcək. 2020-ci ilin Vətən müharibəsi qəfil başlandığından Qərb dövlətləri müdaxilə imkanları olmadığı üçün regiondan çıxarıldıqlarını düşünürlər. Ona görə də Minsk qrupunun ləğv edildiyini görən ABŞ, Fransa danışıqlara və Qafqazlara qayıtmaq üçün bütün cəbhə boyu diplomatik-siyasi hücuma keçiblər. Məqsəd Azərbaycan təhlükəsi adı altında öz ordularını və silahlarını İrəvanda yerləşdirməkdir. Bu qərar regional təhlükəsizliyə və Ermənistanla sülh danışıqlarına zərbə vuracaq".

 

Z.Orucun fikrincə, Rusiya Avropa Birliyinin addımını ona qarşı açılan ikinci cəbhə sayır və Ermənistanın avantürasını pisləyir.

 

"Tarixdə ilk dəfə, Vətən müharibəsinin nəticəsində İrəvan və Moskva qarşıduran tərəflərə ayrılıblar. Beləliklə, Rusiyanın Gümrüdəki bazası, o cümlədən Xankəndidəki missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin gələcəkdə toqquşması qaçılmazdır, o zaman NATO qüvvələrini konfliktə cəlb etməyə fürsət yaranacaq. Göründüyü kimi, Ermənistan ərazisi hərbi toqquşmalar meydanına çevrilir və İrəvanı Hələbin, Mosulun taleyi gözləyir. Eynilə, Türkiyə də Qərbin hərbi qüvvələrinin mülki libasda sərhədlərdə yerləşməsini istəmir və Azərbaycanla birliyinə zərbə kimi qiymətləndirir. Tarixdən məlumdur ki, Şarl de Qolldan sonra Fransa əsgərlərinin ayağı hara dəyibsə, orada kütləvi qırğınlar və dağıntılar törənib. İndi sərhəddə yerləşdirilən qüvvələri müxtəlif yollarla-Xankəndində ermənilərin təhlükəsilziyi və hüquqlarının qorunmasına cəlb etməyə çalışacaqlar. Qarabağa çoxmillətli missiya gətirmək Ukrayna müharibəsini Qafqazlara keçirmək deməkdir”,- deyə komitə sədri çıxışında vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı