Fevralın 9-da Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin təşəbbüsü ilə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci tərəfindən qardaş Türkiyədə baş verən zəlzələ fəlakətində zərərçəkənlərə yardım göstərilib.
Modern.az xəbər verir ki, humanitar yardım vasitələri əsasən, yataq dəstləri, yorğan-döşək, yastıq, isti geyim və azyaşlılar üçün lazım olan əşyalardan ibarət olub və Əl Oyunları sarayında yaradılmış yardım toplama məntəqəsinə təhvil verilib.
Qeyd edək ki, fevralın 6-da qardaş Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb.
Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin kollektivi qardaş Türkiyə xalqına, zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləyir!




