19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 89 nəfərin Ermənistana, 117 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
"Biz gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində, ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırıq. BQXK bu müddət ərzində humanitar neytral vasitəçi olaraq, həmçinin Laçın koridoru boyu 25 tibbi təxliyə həyata keçirib. Bu əməliyyatlar zamanı 107 nəfər xəstə və onları müşayət edən şəxslər təxliyə olunub.
Bundan əlavə, tibb müasisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb. Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq",- deyə BQXK rəsmisi vurğulayıb.