Dünyanın diqqət mərkəzi dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində idi. Rusiya-Ukrayna arasında müharibəyə həsr olunan konfrans ilk dəfə idi ki, bu qədər geniş formatda təşkil olunmuşdu. Konfransdan ciddi nəticələr gözlənilməsə də, onu gələcəkdə liderlərin iştirakı ilə baş tutması istisna edilməyən Böyük Toplantıdan əvvəl hazırlıq mərhələsi kimi başa düşmək olar.
Modern.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib.
Politoloqun fikrincə, həftəsonu baş tutan toplantı Ukraynanın "neytral cənubu və şərqi" öz tərəfinə çəkmək cəhdidir:
"Dünya praktikasından məlumdur ki, adətən sülh müqavilələri müharibələrdən sonra imzalanır və gələcək dünya siyasətində güc balansı qalib dövlətlər arasında həll edilir. Məlum məsələdir ki, əgər məqsəd, doğrudan da, müharibənin dayandırılması olsaydı, o zaman müharibənin iştirakçıları konfransda iştirak edərdilər. Ona görə də, həftəsonu 2 gün davam edən Ciddə görüşünü daha çox Ukraynanın "neytral cənubu və şərqi" öz tərəfinə çəkmək cəhdi kimi başa düşmək olar".

Z.Məmmədov vurğulayıb ki, konfransda əsas diqqətlər Çinin baxış bucağı üzərində olub:
"Ciddədə əsas diqqətlər Çinin baxış bucağı üzərində idi. İyun ayında Danimarkada Ukrayna mövzusuna həsr olunmuş konfransa dəvətdən imtina edən Pekin Səudiyyənin təklifinə dəstək verərək müharibənin dayandırılmasında maraqlı olduğunu göstərmiş oldu. Məlumdur ki, sülh planı ilə bağlı ilk dəfə çinlilər çıxış ediblər. Lakin, Qərbin Çinə arbitr rolu verməyəcəyindən onların özlərinə də yaxşı məlumdur ki, bu kimi konfranslar daha çox neytral bölgələrdə keçiriləcək. Beləliklə, Pekin görüş zamanı 2023-cü ilin fevral ayında təqdim etdiyi sülh planını bir qədər yeniləyərək 12 bəndlik təklifini konfrans iştirakçılarına təqdim edib".
Səudiyyə Ərəbistanı ev sahibi kimi bir neçə digər dövlətlərlə birgə müharibənin dayandırılması ilə bağlı aşağıdakı təklifləri irəli sürüb:
- Ukraynanın ərazi bütövlüyünün təmini.
- Bütün cəbhələrdə atəşin dayandırılması.
- BMT bayrağı altında danışıqların başlanması.
- Hərbi əsirlərin dəyişdirilməsi.
"Bu və digər şəkildə Ciddə təkliflərində ərazi bütövlüyü prinsipinin prioritet olması qəbul edildi. Bundan əvvəl Pekin tərəfindən təqdim olunan sülh planında da sərhəd toxunulmazlığı və ərazi bütovlüyü qeyd edilirdi. Buna görə də, Kiyev üçün bu təkliflər məqbul sayılır. Lakin, məsələnin qəliz tərəfi başqadır. Bütün cəbhələrdə atəşin dayandırılması və daha sonra sülh danışıqlarının başlanılması nə qədər vaxt çəkəcək? Danışıqlarda Rusiya və Ukrayna konsensus əldə edə biləcəklərmi? Görünən odur ki, ilin əvvəli sülh konfranslarından əvvəl hərb cəbhəsində üstünlük qazanaraq danışıqlara getmək istəyən hər iki tərəf hazırda 8 ayın yekunu olaraq döyüş meydanında elə bir ciddi fərqin olmadığı reallığı qarşısında pərdəarxasında danışıqlarla məşğul olaraq vəziyyətdən çıxış yolu axtarmaqdadır", - deyə politoloq fikirlərini tamamlayıb.