Modern.az

Bu siyasətdi e, uşaq oyuncağı deyil…

Bu siyasətdi e, uşaq oyuncağı deyil…

Aktual

8 Sentyabr 2013, 14:03

/file/articles/2013/09/08/89043.jpgNamidə Bingöl

Ağ-qara dünyanın rəngarəng siyasi tablosu tez-tez dəyişən qərarların çevrəsində sipər dayanıb. İndiki durumda gündəmin siyasi mənzərəsi şəffaflıqla bulanıqlıq arasında dəyişir. Siyasi cəbhənin tərəfləri arasında isə atışma gedir. Yox, yox. Top-tüfəng, bomba falan yoxdu. Sadəcə, bu atışma soyuq şəkildə özünü biruzə verir. Elə “El” hərəkatının keçmiş sədr müavini olan Əflan İbrahimov da soyuq şəkildə xəbər elçiliyinə start verdi. Deyəsən elə bu səbəbdən də “El” hərəkatının sədri Eldar Namazov Baş Prokurorluqda dindirilir. Deyirəm, bu Eldar bəyin heç bəxti gətirmir də. Bir müddət Rüstəm İbrahimbəyov macəralarından dolayı Moskva ilə Bakının daşlı-kəsəkli yolları arasında qalan Eldar bəy, Cəmil Həsənlinin vahid namizəd seçilməsindən sonra ayaqlarının yorğunluğunu çıxaracağına ümid edirdi. Amma sən saydığını say, gör siyasi proseslər necə dəyişir. Vallah, elə də oldu. Adətən dostu dar gündə sınağa çəkirlər. Təəssüf ki, Milli Şurada təmsil olunan partiyaların nümayəndələri Eldar Namazovun müdafiəsinə qalxmadılar. Belə də dostlar olar? Lap tıq-tıq xanımın aqibəti yadıma düşdü. Nə qədər ki, gözü sürməli, saçı daray xanım idi, o qədər də elçilərin əlindən tərpənməyə macal tapmırdı. Elə ki, düşdü dərin çaya, o zaman bəlli oldu, kimin həqiqi dost olması. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə “El” hərəkatını dost kimi görə bilmədi. Bu səbəbdən də bu hərəkatı kimin olduğu bilinməyən qaranlıq layihə adlandırıb. Öz aramızdı, Rauf bəy, sizi asanlıqla cin atına mindirmək olmaz. Eldəniz Quliyev beynində qaynatdıqlarını dilinə gətirməsəydi, görünür, siz “El” hərəkatını “müxalifətin faciəsi” adlandırmazdınız. Məncə, indiki durumda bu cür məsələlərin müzakirə edilməsi, siyasi liderlərin bir-birini mənəvi cəhətdən əzib keçmək istəyi kənardan müdaxilələrin baş verəcəyini istisna etmir. Heç Eldar Namazov da dördtərəfli görüşün reallaşmayacağını istisna etmirdi. A qardaş, bu siyasətdi e, uşaq oyuncağı zad deyil.

Siyasətdə küsülü qalmaq tərəflərin ziyanına atılan yoldaşlıq oyununun qapısına vurulan məğlubiyyət qolu deməkdir. Düzdü, Baş Prokurorluqda dindirilən Eldar bəyin ətrafında bir nəfər də olsun Milli Şurada təmsil olunan partiya nümayəndələrindən kimsə üzə çıxmadı. Bu səbəbdən də Eldar bəyin Milli Şura ilə umu-küsülü olması xəbəri qurum daxilində romantik ab-hava yaratmasa da, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və Eldar Namazovun iştirakı ilə keçirilən görüş itirilmək üzrə olan münasibətlərin restavrasiya olunması ilə nəticələndi.

İstənilən işin nəticəsi həmişə diqqət obyektinə tuş gəlir. İndi deyəcəm, Rəsul bəy inciyəcək məndən. Cəmil Həsənlinin Milli Şuraya vahid namizəd seçilməsinin əleyhinə çıxış edən Rəsul Quliyev indi də Cəmil müəllimi on əlli dəstəkləyir. Bu cür yanaşmanıza nə ad verək?! Rəsul Quliyevin siyasi manevr cəhdi, yoxsa, məsləkdaşına dəstək kampaniyası?! Hər halda, doğrusunu sizdən başqa kimsə təxmin edə bilməz.

Məncə, İsa Qəmbərin “səlib yürüşü” təşkil edəcəyini kimsə təxmin edə bilməzdi. Bircə, Əvəz Temirxandan savayı. Belə də iş olar?! Şəxsiyyətinə hörmət etdiyim İsa bəy, Milli Şuranın vahid namizədi olmaqdan imtina etdi. Siyasi proseslərin içində seyrçi mövqedən çıxış etməsinə baxmayaraq, İsa bəyin ətrafında söz-söhbətlər səngimək bilmir. Deyilənə görə, Lalə Şövkətə qarşı bu cür qərəzli çıxışların arxasında İsa Qəmbər dayanır. Bu səbəbdən də Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxan odu götürüb ocağı söndürüb artıq. Əvəz müəllimin dili ilə desəm, istəməyərəkdən qalmaqal quyusuna düşüblər. ALP lideri Lalə Şövkət isə partiyanın düşdüyü duruma danışaraq nöqtə qoydu. Siyasi həmkarlarını tarixin arxivinə qiyabi də olsa ekskursiya etməyə dəvət edən Lalə xanım, eks-prezident Heydər Əliyevin əvəzolunmaz lider olduğunu çəkinmədən dilə gətirdi. Müxalifətə istehza ilə gülən Lalə xanımın bu cür bəyanatı, böyük bombanın partlayacağından xəbər verir.

Bizim müxalifətdə daxili intriqaların getdiyi bir zamanda dünyada da siyasi qarşıdurmalar səngimir. Deyəsən bütün siyasi proseslər bir-birilə vəhdət təşkil edir. Belə ki, iki ildən çox davam edən Suriya böhranındakı düyünü artıq Qərb açmaqda israrlıdır. Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi xəbərlərinin dünyaya sürətlə yayılmasından sonra ABŞ öz qəzəbini gizlədə bilməyib Suriyaya hərbi müdaxilə etmək məsələsini gündəmə gətirdi. Rusiya və İran isə elə Suriyanın indiki iqtidarını dəstəkləməkdə davam edir. ABŞ-Rusiya cəbhəsində Suriya ilə əlaqədar olaraq “partlayan bombalar”ın səsini isə dünyanın istənilən yerindən eşitmək mümkündür. Deyirəm, a qardaş, siyasi proseslərin daxilində hələ partlamayan bombaların sayı-hesabı yoxdu. Deməli, hədəfə alınan siyasi çəkisi olanlar təhlükənin ana xətti ilə üz-üzə dayanıb. Təki bizim başımıza bomba yağmasın. Qoy bomba yağdıran biz olaq!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı