Məhsəti Şərif
Gündəlik qayğılar, bir-birinin ardınca baş verən proseslər bəzən insanı robotlaşdırır. Ağlının bir köşəsisə sıxışıb qalan unutması mümkün olmayan olayları ən son sıraya qoyur. Əslində oturub düşünəndə və ya o olay gözləmədiyin bir anda sillə kimi üzünə çırpılanda başını qaldırırsan. O zaman da başına yekə bir daş dəyir. Əslində o daş əvəlcə topuğuna dəyib, amma insan övladı o daşın dönüb başına dəyəcəyi günə qədər ya səbr edib, ya da ümumiyyətlə fərqində olmayıb. O daşdan biri mənim başıma dəydi, həmdə elə dəydi ki, iki gündü onun acısından başımı da götürüb qaçmağım gəlir...
Türkiyədəki Əmniyyət Müdirliyindəydim. Bu, o başı bəlalı əmniyyətdir ki, aləm dəyib bir-birinə... Nə isə. Qaydalara uygun olaraq bu il də Türkiyədə yaşamam üçün oturum izni almalıydım. Sənədlər əlimdə polislə danışır, onun verdiyi sualları cavablandırıram. Verilən sənədi doldururam. Azərbaycandakı ünvanınız bölümü. Amma ünvanı pasportda oldugu kimi yazmalıyam. Pasportu açır və ünvanı köçürürəm... Agdam şəhəri, Füzuli küçəsi 90... Ünvana bir daha diqqət edirəm. Və sanki başıma qaynar qazanla su tökülür. Türkiyədə işğal altında olan yudrumdakı ev ünvanını polisə təqdim edəcəm. İndi polis bunu araşdırmaq istəsə necə olacaq. Bu mənim günahım deyil, mənim pasporta qeydiyyat ünvanım belədir... Polisə bunu anlatmalıyam, amma izah etmək üçün də Qarabağdan danışmalıyam. Polisin zatən burda baş verən olaylardan yorğunluq çökmüş üzü və mənə zamanımı alma baxışından sonra susuram. Yaxşı ki, faktiki ünvan deyilən bir bölüm də var. Orda da Bakıda müvəqqəti məskulaşdıgım ünvanı yazıb çıxıram. Amma düşüncə və içimə çökən sızıltı məni rahat buraxmır.
İnsanın, yeməyi, çayı, geyimi, evi olmaya bilər. Amma insan da yurdsuzmu olar? Yaşadığım qərib ölkədə lap kiçilirəm, yetimləşırəm. Yurdsuzluq ağır dərd olub ürəyimə saplanır. Yurudmdan ayrı, vətənimdən ayrı... Mənim alın yazım buymuş. Düşünürəm ki, mən yurdumu tərk edəndə, daha doğrusu didərgin düşəndə 16 yaşım vardı, indi 36. 20 il əvvəl anası, atası didərgin düşdükdən sonra doğulan uşaqlar var. Onların yurd anlayışı varmı? Onlar dədələrinin işğal altında olan torpaqlarını nə qədər sevəcək? O torpaqda gəzməyib, oranın suyun içməyib, yağışda torpağın qoxusu içinə çökməyib, heç bir xatirəsi olmayan 20 yaşlı gənc. İndi ona necə vətən sevgisi ilə yurd sevgisinin fərqini anladasan? O heç vaxt bu hissi keçirə bilməz.
Əmniyətdən çıxıb evə gələnə qədər bunu düşündüm. Biz mənəvi dəyərlərimzi itirmişik deyəndə çoxlarının qınağını almışdım. Amma mən bu gün böyüdüyüm torpağa ayaq basa bilmir, o elin-obanın adətlərini yavaş-yavaş unuduramsa, kültürümə başqa yurdların adətlərindən oğurladığım adətləri qatıramsa, o zaman 20 yaşlı yurdsuz gəncdən nə gözləyim. O paytaxt insanıdır. O yurdunun torpağına deyil, asfalt döşəmələrə ayaq basıb. Yursuzdu!
İndi daha çox qorxmağa başlamışam. O yurddan gələn insanların çoxu həsrətlə bu dünyadan köç edib. Biz qalmışıq və köçə dogu irəliləyirik. Sonumuz nə olacaq? Bilirəm ki, bir gün o topuğumza dəyən daşlar qaya olub başımıza düşəcək. Başımızdan axan qan isə şəhid qanı olmayacaq və biz öz qanımızda boğulub, mundarlanıb öləcəyik..
...İşgal altında olan evmizin ünvanını təkrarlayıram...Füzuli küçəsi 90...Füzulinin isə goru çartlayır, Çünki Natəvanın məzarı ilə mənim ev ünvanımın arasında çox az məsafə vardı...