Avropada bu yay qeydə alınan ardıcıl dörd güclü isti hava dalğası on minlərlə insanın ölümünə səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, qitənin təxminən yarısını əhatə edən və hələ yekunlaşmayan rəsmi məlumatlara əsasən, normal dövrlə müqayisədə ən azı 35 min əlavə ölüm qeydə alınıb. Xüsusilə Almaniya, Fransa və İspaniyada əlavə ölüm hallarının ümumi sayı 25 mini ötüb.
Mütəxəssislər hesab edirlər ki, istilər bir çox hallarda ölüm səbəbi kimi birbaşa qeyd olunmadığından və avqust ayına dair məlumatlar hələ statistik sistemlərə tam daxil edilmədiyindən yekun rəqəm daha yüksək ola bilər.
Almaniya və İspaniyada tarixi rekordlar
Həddindən artıq isti hava ilə əlaqəli ölüm hallarının ən çox qeydə alındığı ölkə Almaniya olub. Robert Kox İnstitutunun məlumatına görə, ölkədə aprelin əvvəlindən avqustun əvvəlinə qədər təxminən 14 min nəfər yüksək temperaturla əlaqəli səbəblərdən həyatını itirib. Yalnız iyunun son həftəsində Almaniyada 9 600 ölüm qeydə alınıb. Məlumata görə, bu, müvafiq statistikanın aparılmağa başlanmasından bəri ölkədə ən ölümcül yay mövsümü hesab olunur. İspaniyada isə III Karlos adına Sağlamlıq İnstitutu may ayından etibarən təxminən 5 min nəfərin isti hava dalğaları səbəbindən öldüyünü açıqlayıb. Beləliklə, İspaniyada isti hava ilə əlaqəli ölüm göstəricisi 2022-ci ildəki rekordu da geridə qoyaraq tarixdə ən yüksək səviyyəyə çatıb.
Fransa, İtaliya və İngiltərədə də itkilər artır
Fransada yüzlərlə meteoroloji stansiyada temperaturun 40 dərəcədən yuxarı olduğu qeydə alınıb. Ölkədə mayın sonu ilə iyulun sonu arasında 7 mindən çox əlavə ölüm faktı qeydə alınıb. Lakin ilkin məlumatların yalnız elektron ölüm haqqında şəhadətnamələrə əsaslanması səbəbindən bu rəqəmin artacağı gözlənilir.İtaliyada isə məlumatlar yerli idarəetmə orqanlarından toplanır. Aparılan modelləşdirmələrə əsasən, ölkədə isti hava ilə əlaqəli ümumi ölüm sayının 5-8 min arasında ola biləcəyi proqnozlaşdırılır. İngiltərədə isə may və iyun aylarında baş verən isti hava dalğalarının təxminən 2 900 nəfərin ölümünə səbəb olduğu təxmin edilir. Belçika, Niderland, Polşa və İsveçrə kimi digər Avropa ölkələrində də ölüm göstəricilərində nəzərəçarpacaq artım qeydə alınıb.
İsti hava xroniki xəstəlikləri ağırlaşdırır
Səhiyyə mütəxəssislərinin sözlərinə görə, həddindən artıq isti temperatur əksər hallarda birbaşa ölüm səbəbi kimi qeydə alınmır. İsti hava ürək-damar, tənəffüs sistemi və böyrək xəstəlikləri kimi mövcud xroniki problemləri ağırlaşdıraraq ölüm riskini artırır.Bu səbəbdən isti hava ilə əlaqəli real ölüm statistikasının müəyyənləşdirilməsi aylar çəkə bilər.Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında da iqlim böhranının yaratdığı qlobal istiləşmə və əhalinin yaşlanması səbəbindən Avropa regionunda həddindən artıq isti ilə əlaqəli ölüm hallarının son 20 ildə 30 faizdən çox artdığı qeyd olunur.Qitənin müxtəlif bölgələrində temperaturun 40 dərəcəni keçməsi isə iqlim dəyişikliyinin insan sağlamlığı üçün yaratdığı təhlükəni bir daha ortaya qoyur.