Modern.az

Onsuz da indi gümüş dəbdədi...

Onsuz da indi gümüş dəbdədi...

Aktual

5 Yanvar 2014, 21:19

Sahib Əsədbəyli

Təhsil millətin gələcəyidir deyərlər. Hər bir xalqın onun qürur mənbəyi sayıla biləcək məfhumlarından biri, bəlkə də birincisi onun ziyalıları, düşünən beyinləridir. Təhsilsiz bir insanın mahiyyətinin sadəcə bioloji funksiya ilə məhdudlaşdığını nəzərə alsaq, cəmiyyətdə onun tutduğu mövqe də bəlli olur. Təhsilin inkişafı, təhsilə verilən dəyər və bu dəyərdən irəli gələn maddi və mənəvi məsələlər birbaşa dövlətin prioritet vəzifələrindən hesab olunur. Məktəbəqədər təlim və tərbiyə işlərindən tutmuş, ali və ya orta ixtisas təhsilli kadrın potensialına uyğun olaraq müvafiq işlə təmin olunmasınadək bu sahədə zəruri sayılan işlər birbaşa aidiyyatı qurumların məqsədyönlü iş fəaliyyəti olmalıdır. Ancaq təəssüflər olsun ki, bizdə minimum vəzifənin yerinə yetirilməsindən başlayaraq neqativlər yetərincədir.

 Məktəbəqədər təlim və tərbiyə müəssisələrində, başqa cür adlandırsaq, uşaq bağçalarında qidalanmadan tutmuş dörd-beş yaşlı körpənin dünyagörüşünün, onun ətraf aləm haqda təsəvvürlərinin genişləndirilməsinədək zəruri hesab olunan məsələlərə təəssüflər olsun ki, biganəlik göstərilir. Bunun da nəticəsidir ki, artıq uşaqların məktəbəqədər təhsil müəssisələrinə qoyulması ya ailə başçılarının gərgin iş qrafikinə görədir, ya da az-çox təminatlı özəl bağçalar vardır ki, bu da bəzi maddi çətinliklərdən sığortalanmış ailələrin cəmiyyətdə "prestij" qazanması xatirinədir. Təbiidir ki, orta əməkhaqqı alan şəxsin məvacibini valyutanın dəyərinə görə müqayisə etsək, qonşu Gürcüstanda minimum əməkhaqqı anlamına gəlməsi onun gələcəyi hesab olunan övladının bu həlledici dönəminə göz yumması ilə nəticələnir.

Təhsilin ikinci-orta təhsil mərhələsində isə bizim gördüyümüz və eşitdiyimiz üz qızardan hallar isə ümumiyyətlə ölçüyə gəlməzdir. İbtidai təhsil pilləsində tətbiq olunan kurrikulum sisteminin bundan əvvəlki mərhələni ümumiyyətlə keçməyən gündəlik tələbatları yerinə yetirməklə məhdudlaşan həyatdan birbaşa parta arxasına "vəsiqə qazanan" azyaşlının təfəkkür imkanlarına nə dərəcədə uyğun gəldiyi göz qarşısındadır. Əksəriyyəti Sovet təhsil sisteminin təhsil mərhələrini keçmiş şəxslərdən ibarət olan müəllimlər heç özləri də bu sistemi doğru-düzgün qavraya bilmirlər...

Orta təhsil illərinin sonrakı-boz mərhələsini isə analoqu olmayan pulyığma bəhanələri ilə xarakterizə etmək daha doğru olardı. Birbaşa aidiyyatı təhsil idarəetmə orqanlarının vəzifələrinə daxil olan kommunal və təssərrüfat xərclərini ya yerinə yetirməməsi, ya da aşağıdakılar tərəfindən mənimsənilməsi hesabına şagirdlərdən yığılan "süpürgə pulu" və tamhüquqlu vətəndaş olmayan azyaşlı yeniyetmənin səlahiyyətləri xaricində olan "fondpulu" kimi xərclər artıq məktəblinin düşüncəsində özünə mənfi yer etmiş olur.

Həmçinin bizim təhsil müəssisələrinin artıq ənənə halını almış coğrafiya müəllimi çatışmazlığı vardır ki, bu fənni hətta dil və ədəbiyyat müəllimləri tədris edir. Nəzərə alsaq ki, Azərbaycan ali təhsil müəssisələri hər il analoji ixtisasda minlərlə pedaqoq yetişdirir bu problemin nədən qaynaqlanması təəccüblü olduğu qədər də utancvericidir...

Beləcə praqmatik pedaqoqların "muhazirələrini" dinləyə-dinləyə sonuncu siniflərə çatan, gənclik dövrünün astanasında olan yeniyetmələr bütün geridə qalan illərə nəzər salır və bununla öz xəyallarının stimullaşdırıcı qüvvəsindən asılı olaraq tələbə həyatı yaşamaq sevdasına düşür. Burada da geridə qalan doqquz ili sığortalamaq iqtidarında olan bir alternativ var ki, bu da repititor hazırlığıdır. Müxtəlif çətinliklər bahasına olsa da ixtisas qrupunun tələb etdiyi fənnlərdən asılı olaraq beş müxtəlif fənndən hazırlıq keçən abituriyent, bu iki ilin həyəcanı ilə demək olar ki, ömründən on ili "silmiş olur". Beləcə qəbul imtahanında iştirak edən abituriyent ya arzuladığı ixtisasa yiyələnib dərindən ah çəkir, ya ixtisas seçiminin prestijindən dolayı tərtib etdiyi xronoloji ardıcıllıqda orta və ya aşağı pillədə qərarlaşan ixtisasa düşüb, "əşi heçdənsə bu da yaxşıdır" deyib keçir, ya da lazımi nəticəni toplaya bilməyib, ya ümidini gələn illərə saxlayır ya da müxtəlif səbəblərdən  bu sevdanı özündə boğmaq qərarına gəlir.

Yuxarıda vurğuladığım ilk iki kateqoriyadan olan tələbə adını qazanmış abituriyentlər ali təhsil müəssisələrinə qədəm qoyurlar. Hər bir tələbənin sevinclə qarşıladığı bu ilk günün sevinci zaman keçdikcə onlara yaxşıca "dərs olur" . Elə bundan dolayı bizdə bir yaxşı məsəl var : "Universitetə bir girən sevinər bir də qurtaran" . Təhsil almamaq üçün pul ödənilən "individual" ölkəmizdə rüşvətlə dövr edən ali təhsil illərinin sonu Azərbaycan əmək bazarına qeyri-peşəkar mütəxəssislərin cəlb olunması ilə nəticələnir. Burada da bilavasitə tələbələri günahlandırmaq da düzgün olmazdı. Boloniya və Sovet təhsil sitemlərinin sintezindən yaranan Azərbaycan ali təhsil sistemi tələbələrə heç də parlaq karyera aşılamır. Həmçinin ali məktəblərin ixtisas seçimi zamanı seçdiyi ixtisasla doğru-düzgün tanış olmaq imkanı qazanmayan abituriyentlər ilk günlər bəzən ixtisasının mahiyyətini belə anlamaqda çətinlik çəkirlər. Buna bariz nümunə olaraq özümü göstərməkdən heç də çəkinmirəm...

Bundan əlavə müxtəlif çətinliklər bahasına istər ödənişli, istərsə də ödənişsiz əsaslarla oxuyan tələbələr ailələrinin maddi vəziyyətindən və ya "day-day çatışmazlığı"ndan  dolayı həyati çətinliklərlə üz-üzə qalırlar. Tələbə yataqxanası anlayışının utopik səciyyə kəsb etdiyi azsaylı xalqlardan olan Azərbaycanda kirayə mənzil bazarı hətta 45-50 manat "semiçka pulu" alan tələbənin təqaüdündən də ikiqat bahadır. Təhsilin keyfiyyəti ilə ifadəyəgəlməz təzad yaradan illik ödənişi vermək məcburiyyətində qalan tələbənin isə vəziyyətindən ümumiyyətlə danımasaq yaxşıdır...!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı