Milli bayraqlar yalnız dövlətləri təmsil edən rəmzlər deyil, həm də xalqların əsrlər boyu formalaşmış tarixini və kimliyini əks etdirir.
Modern.az xatırladır ki, bəzi ölkələrin bayraqları isə yüzillərdir istifadə olunur və bu gün də həmin dövlətlərin əsas simvollarından biri olaraq qalır.
Danimarkanın “Dannebrog” adlı bayrağı fasiləsiz istifadə olunan ən qədim milli bayraq hesab edilir. Qırmızı fonda ağ Skandinaviya xaçından ibarət olan bayrağın müasir dizaynı 1625-ci ildə rəsmiləşdirilib. Bayrağın daha əvvəl də istifadə edildiyinə dair tarixi sübutlar mövcuddur. O, 1370-ci illərə aid Gelre gerb kitabında təsvir edilib.
Danimarka əfsanəsinə görə isə Dannebrog 1219-cu ildə Lindanisse döyüşü zamanı göydən yerə düşüb.
Avstriyanın qırmızı-ağ-qırmızı üfüqi zolaqlı bayrağının mənşəyi 1230-cu ilə aid edilir. Bu, dünyanın ən qədim dövlət rəmzlərindən biri sayılır.
Latviyanın tünd qırmızı və ağ rənglərdən ibarət bayrağı ilk dəfə 1280-ci ildə tarixi mənbədə qeyd olunub. Bayrağın dizaynı əsrlər ərzində qorunub saxlanılıb.
İsveçrənin qırmızı fonda ağ xaçdan ibarət bayrağının istifadəsi XV əsrə gedib çıxır. Ölkənin bayrağı həm də dünyada kvadrat formada olan nadir milli bayraqlardan biridir.
Niderlandın qırmızı-ağ-mavi bayrağı təxminən 1572-ci ildən istifadə olunur. İlk versiyada qırmızı əvəzinə narıncı rəng olub, sonradan narıncı rəng qırmızı ilə əvəzlənib.
Nepal bayrağı digər milli bayraqlardan tamamilə fərqlənir. O, iki üçbucağın birləşməsindən ibarətdir və 1743-cü ildən istifadə olunur. Nepal dünyanın düzbucaqlı formada olmayan yeganə milli bayrağına sahib ölkədir.
Böyük Britaniyanın hazırkı “Union Jack” dizaynı 1 yanvar 1801-ci ildə qəbul edilib. Bayraq İngiltərə, Şotlandiya və İrlandiyanı təmsil edən xaçların birləşməsindən yaranıb.
Çilinin hazırkı milli bayrağı 18 oktyabr 1817-ci ildə qəbul edilib. Mavi, ağ və qırmızı rənglərdən ibarət bayraq ölkənin ən mühüm milli simvollarından biridir.
Argentina bayrağı 25 fevral 1818-ci ildə qəbul edilib. Mavi-ağ-mavi zolaqlardan ibarət bayrağın mərkəzində “May günəşi” yerləşir.
Perunun qırmızı-ağ-qırmızı bayrağı 25 fevral 1825-ci ildə qəbul edilib və bu günə qədər ölkənin əsas dövlət rəmzlərindən biri olaraq qalır.