İsti şokolad yalnız insanı isidən ləzzətli içki deyil, həm də orqanizm üçün müəyyən faydalar verə bilən məhsuldur.
Modern.az xəbər verir ki, “Eat This, Not That” nəşrinin məlumatına görə, araşdırmalar göstərir ki, şokoladlı süd məşqdən sonra bərpa baxımından xüsusi idman içkilərindən geri qalmır və orqanizmin su balansının bərpasına kömək edir.
Bundan əlavə, içkinin tərkibindəki kalsium və D vitamini sümüklərin möhkəmliyini dəstəkləyir. Tərkibində olan zülal isə iştahanı nəzarətdə saxlamağa və toxluq hissini daha uzun müddət qorumağa kömək edir.
Mütəxəssislər digər üstünlüklər arasında yaşlı insanların beyin sağlamlığını dəstəkləyən antioksidantları və bir sıra xroniki xəstəliklərin inkişaf riskini azalda bilən qida maddələrini də qeyd edirlər.
Lakin ekspertlər içkinin mənfi tərəflərini də nəzərə almağa çağırırlar. Adi südlə müqayisədə isti şokoladın tərkibində əhəmiyyətli miqdarda əlavə şəkər olur. Həddindən artıq şəkər qəbulu diabet, hipertoniyanın və diş problemlərinin inkişafına səbəb ola bilər.
Böyüklər üçün gündəlik əlavə şəkər norması 25-36 qramdan çox olmamalıdır. Bundan əlavə, kakaonun tərkibində olan oksalat turşusu kalsiumun mənimsənilməsini azalda bilər. Laktoza dözümsüzlüyü olan insanlarda isə bu içki narahatlıq yarada bilər.
Tibb eksperti Ceymi Consonun sözlərinə görə, isti şokolad idmançılar, fiziki aktiv uşaqlar və yaşlı insanlar üçün ölçülü miqdarda qəbul edildikdə faydalı ola bilər.
Riskləri azaltmaq üçün mütəxəssislər isti şokoladı evdə şəkərsiz kakao tozu və minimum miqdarda şəkərdən hazırlamağı, hazır mağaza qarışıqlarından isə uzaq durmağı tövsiyə edirlər.