Məhsəti Şərif
Əslində bu barədə yazmaq həm çox ağırdı, həm də məsuliyyətli. Nəzərə alsaq ki, son bir ayda gündəmdən düşməyən hadisədir. Söhbət intiharlardan gedir. Bu barədə çox dəyərli həmkarlarım zaman-zaman yazırlar. İntiharın əslində günah olmasından, bu barədə xəbərlərin verilməsinin cəmiyyətə vurdugu ziyandan və s. Son günlər gənclər müxtəlif səbəblərdən intihar edir və bunun səbəbini araşdırmaq üçün bizə zəhmət vermirlər. Bu günkü intihar xəbəri isə bir az fərqli oldu. Xəbərin ağırlığı, üzüçülüyü, intihar edənin gəncliyi bir tərəfə, onun ölüm səbəbi ağır oldu. Gənc oğlanın cinsi rəngi onun intiharına səbəb olub...
Bakıda yaşayanda neçə dəfə görmüşəm ki, bu cür insanlara necə münasibət bəslənb, yolda onlara maşın saxlayaraq döyüblər. Özlərini qəhrəman sayan kişilərimiz onlarla guya, əylənərək keflərin açıblar. Amma bir məqamı unudublar ya maşını saxlayıb onları döydün, ya ələ saldın, ya da kef məclisi qurub o insanları məclisinə dəvət edərək pul verib istədiyin kimi alçaltdın, ya da elə onlardan biri oldun heç bir fərqi yoxdu. Axı heç kim öz taleyini özü seçmir. Anadan doğulanda onlar da bir rəngdə doğulub. Bu xəstəlikdi və istəməsələr belə, onun daşıyıcıları olublar. Niyə hər kəsi yaşamaq istədiyi kimi yaşamasına izin vermirik?
İnsanalrı qınayır, söyür, ələ salırıq? Biz ki, azadlıqdan dəm vururuq, dünyagörüşündən danışırıq. Bəzən heç yaşadığımız məmləkəti bəyənmirik. Avropada yaşamaq üçün can atırıq. Amma düşünmürük Avropada cinsi azlıqlara gözün üstə qaşın var deyən yoxdu. Onlar rahat şəkildə öz həyatlarını sürdürür.
Yaxşı o zaman Avropada yaşayanda niyə özümüzü fərqli göstəririk? Elə götürək mən yaşadığım Türkiyəni. Burda cinsi azlığın nümayəndələri küçədə rahat şəkildə gəzir. Heç görməmişəm ki, kimsə dönüb onlara baxa, ya da gülə. Onlara diqqər edən belə, yoxdu... Bizdə isə qumarbaz ol, adam öldür, birinin qızın zorla! O zaman sən yaxşı kişisən. Amma cinsi azlıq olma! Hətta bu təbəqədən olan bir dostun olsa belə, sənə şübhə ilə yanaşacaqlar...
İndi bir gənc intihar etdi. Nə oldu? Hamımız ürək agrısı ilə yazırıq. O gənc tələbə yoldaşları tərəfindən döyülüb, ətrafdakılar onu qınayıb, o isə dəyəşə bilməyib. Çıxış yolunu intiharda görüb. Onu kim öldürüb? O intihar etməyib. Gənci qınayanlar, ona “mavi” və s. rəng adı ilə cağırıb ələ salanlar öldürüb.
Biz insanları cinsi rənginə görə qınayırıq, onları söyürük cəmiyyətdən təcrid edirik. Amma bunu edəndə öz mənəviyyatımızın hansı rəngdə olduğunu unuduruq. Biz mənəvi dəyər deyib bar-bağırırıq, amma öz mənəviyyatımızın hakimi ola bilmirik. Bu gün gəncin intiharı ilə baglı sosial şəbəkələrdə məlumatlara baxanda belə bir başlıq gözümə dəydi. “Homoseksual gənc intihar edib”. Hətta bu başlıqla həyatda qınaqlara məruz qalmış, omrünü yaşaya bilməyən birinin ölümünü deyil, onun cinsi azlıq olduğunu qabartmışıq.
İndi hamımız üzülürük. Yəqin ki, o gənci təpikləyən, söyən həmyaşıdları da peşmandır. Amma o bu dünyanı tərk etdi... Növbəti cinsi azlıq kim olacaq? Bəlkə də hələ dünyaya gətirmədiyimiz övladımız, bəlkə də oğul olduğu üçün qurban kəsdiyimiz oğlumuz, bəlkə də yan-yörəmizdəki çox yaxın dostumuzdu...
Biz bundan xəbərsiz yaşayırıq. Amma unutmayaq ki, hər kəs öz həyatını yaşayır, öz yaşadığı həyata görə cavadehdir. Biz kimisə yaşam tərzinə görə qınamaq haqqına malik deyilik! Mavi, çəhrayı, qırmızı, ağ, qara.... Bütün rənglər intihar edər. Mənəvi rəngsizlik isə bizim alnımızda damğa olaraq qalar!