Modern.az

Araz Əzimov Qarabağı çətin ki, görə...

Araz Əzimov Qarabağı çətin ki, görə...

Aktual

24 Fevral 2014, 19:21

Hörmətli Araz Əzimov. Sizin “Danışıqlarda ümumiyyətlə, heç bir dinamika yoxdur - mənfi ya da müsbət" açıqlamanızı oxudum. Çox təsirləndim. Fikirləşdim ki, görəsən son 10-15 ildə bu açıqlamanı neçə dəfə vermisiniz? 1991–ci ildə - Azərbaycan müstəqilliyini qazananda - mənim 25 yaşım vardı. Siz isə artıq diplomat idiniz. Qarabağ münaqişəsi də üç-dörd il idi ki, başlanmışdı. İndi isə 2014-cü ildir. 48 yaşım var. 27 ildir ki, bu cür açıqlamaları eşidə-eşidə mən də, 25 illik bir təcrübəsi olan siz diplomat da qocalırsınız. Bir çoxları isə çoxdan ölüb. Bəziləri isə bu münaqişəylə həmyaşıddırlar.

Mən sizin ara-sıra bu açıqlamalarınızı yüksək qiymətləndirirəm. Ki, “ay camaat, ay əhali, Xarici İşlər Nazirliyi gərgin şəraitdə işləyir, çalışır. Gecə-gündüz yatmayaraq Qarabağ məsələsini müzakirə edir. Həlli yollarını axtarır. Yəni ki, bu münaqişə unudulmayıb”. Aydındır. Sağ olun ki, mətbuata açıqlamalarınızda Qarabağı unudanlara, belə bir bölgəmizin olmasını, hələ də ermənilərin əsarəti altında qalmasını yada salır, dolayısı yolla  da başçılıq etdiyiniz idarənin acizliyinizi etiraf edirsiniz. Lap atəşkəsin pozulmasıyla bağlı tez-tez gündəmə gələn Müdafiə Nazirliyi kimi.  Eyni zamanda həm də ermənilərin güclü, arxalı, qorxulu, çox qorxulu, inadcıl, tutduğunu buraxmayan, lazım olsa genosid belə, həyata keçirməyə qadir olan bir dövlət, xalq olmasını dolayısı yolla bir daha təsdiq edirsiniz.  Sözünüzdən belə çıxır ki, Ermənistan mövqeysizdir. Vallah Ermənistanın mövqeyini hamımız başa düşürük. Bu ölkə nəinki Qarabağı, bütün Azərbaycanı zəbt etmək istəyir. Böyük Ərməniyyə - qədimi türk dövlətini bərpa etmək istəyir. Buna da 60 faiz nail olub. Bakıya üç saatlıq məsafədə, dişinəcən silahlanmış vəziyyətdə hazır durub. Bircə əmr gözləyir.  Amma bizim mövqeyimiz nədir? Onu hələ də başa düşə bilmirəm. Yerində saymaq və buna da min şükür deyərək Allaha dua etməkmi? Yaxud da qan və pul tökərək aldıqları torpaqlarımızı sülh yoluyla qaytarmaqmı?

Araz müəllim, təsəvvür edin ki, küçədə qabağınızı əlində bıçaq olan biri kəsib. Sizi öldürmək istəyir. Yerdə armatur parçası var. Siz armatur parçasını götürüb özününzü müdafiə etməyə çalışacaqsınızmı, yoxsa xuliqana “Əsli və Kərəm”dən parçalar oxuyacaqsınız. Ki, onu humanizmə səsləyəsiniz. 

Araz müəllim, sual verib cavab tələb etmək, ittiham etmək, günahlandırmaq çox asandır. Hamı belə edir. Heç kim bu məsələdə, münaqişənin həllində, nə xaricdə, nə də daxildə  Sizə, Sizlərə kömək etmir. Mən də bu yöndə acizəm. Etiraf edirəm. Lap siz bir nazir müavini  olaraq 20 ildir ki, acizliyinizi etiraf edən kimi.  Amma bəzi misallar çəkib, suallar verəcəyəm. Bu məsələnin həlliylə uzun müddət məşğul olan bir azərbaycanlı, məmur, diplomat, başbilən kimi ola bilsin ki, mənim suallarımın içində nəsə bir kömək tapa bildiniz.

Araz müəllim, bir jurnalisti Cəhənnəmə ezam edirlər ki, reportaj hazırlasın. O da yaxınlaşır pıqqapıq qaynayan qır tiyanının yanında əlindəki toppuzla var-gəl edən Əzrayıla. Başlayır suallarını yağdırmağa.

- Bu nə tiyandır?

- Bura günahı olan insanları atırıq ki, əzab verək.

- Bəs əlinizdəki toppuz nə üçündür?

- Bəzən elə olur ki, kimsə tiyandan çıxıb qaçmaq istəyir. Onda bu toppuzla vururam başına. Həmən düşür içinə.

Bu dəm tiyanın o başından bir nəfər başlayır bayıra çıxmağa.

- Bax, bir nəfər çıxır. Vurun da. Nə gözləyirsiniz?

- Ay Jurnalist, xeyri yoxdur. Day yorulmuşam. Nə qədər vurarlar? Bu gürcüdür. Nə qədər vursam da aşağıdakı digər gürcülər  təkan verib onu çıxarırlar bayıra.

Bu dəm tiyanın digər başından bir nəfər də bayıra çıxmağa cəhd göstərir. Əzrayıl day sualı gözləmədən:

- Bu da ermənidir. Nə qədər toppuzla başlarına vururam xeyri yoxdur. O biri ermənilər altdan təkan verib qaldırırlar yuxarı.

- Bəs axı, bu yandan biri də çıxmaq istəyir axı?

- Ay jurnalist, bu da azərbaycanlıdır. Xeyri yoxdur. Nə qədər eləsə də çıxa bilməyəcək. O biri azərbaycanlılar ayağından tutub dartacaqlar aşağı.

Araz müəllim, hər dəfə bu misal yadıma düşəndə özümü təhqir olunmuş hesab edirəm. Siz necə? Aydındır ki, siz də. Çünki mənim kimi siz də təmiz Azərbaycan övladısınız, Azərbaycanlısınız. Və hər bir həmvətəninizin uğuruna, tərəqqisinə sevinir, daha artıq olmasını arzu edirsiniz. Əminəm ki, bu xüsusiyyətlər bütün azərbaycanlılarda var. Bəs onda Cəhənnəmdəki qır tiyanında bayıra çıxmaq istəyən azərbaycanlının ayağından aşağı dartanlar kimdir? Yəqin ki, onları siz məndən də yaxşı tanıyırsınız.  Məncə onlar Azərbaycan ailəsində doğulan, Azərbaycanın çörəyini yeyən, Azərbaycan adları daşıyan, o dünyaya da Azərbaycanlı kimi köçən -  amma anası, nənəsi, arvadı erməni olanlardır. Onlar həm o dünyada, həm də bu dünyadadırlar. Nə qədər ki, onlar var siz öz xoşməramlı, diplomatik missiyanızı həyata keçirə bilməyəcəksiniz. Nə qədər ki, cəmiyyətimizdə onlar var, “Danışıqlarda ümumiyyətlə, heç bir dinamika yoxdur - mənfi ya da müsbət" açıqlamasını verə-verə vəzifənizə davam edəcək, sıfır nöqtəsində də başa catdıracaqsınız.

P.S. Araz müəllim, bəzi şeyləri yazmadım ki, təkrara yol verə bilərəm. Modern.az saytında çıxan  “Erməni qadınları və  Azərbaycanlıların erməniləşdirilməsi prosesi” yazımı və “Ərmən – Şuşanikin sevgisi” hekayəsini vaxt tapıb oxusanız minnətdar olaram. Üzr istəyirəm ki, siz  diplomatla diplomatik dildə danışdım. Çünki ən böyük diplomatiya düzlükdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı