Modern.az

“Bir Elin Manifesti” - Ömür filmi

“Bir Elin Manifesti” - Ömür filmi

Aktual

22 Sentyabr 2025, 12:42

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

37 ildir bir filmə baxıram. Bu film konkret bir dövrü göstərsə də kadrların bəzi hissəsi rəngli, qalanı ağ-qaradır.

İlk kadrlar Qərbi Azərbaycanın Göyçə mahalı - Basarkeçər rayonunun Nərimanlı kəndi ilə bağlıdır. Babalı-nənəli, atalı-analı, qohum-əqrəbalı, bəxtəvərli, qayğısız günlər...

Göz açıb böyüdüyüm kənddə hamı mənə doğma idi. Ata babam Əli kişinin anası, qoca nənə dediyimiz Sehran nənənin sağdığı inəyin südünün, həmçinin ondan hazırladığı ağartı məhsullarının dadı, “Zəzə” deyə səslədiyimiz atamın anası - Röyzə nənəmin təndirdə yapdığı çörəyin qoxusu, öləziyən közdə kül-basdırma etdiyi kartofun tamı hələ də damağımda, burnumda, ruhumdadır.

Bağ-bağçalı, mal-qaralı, əkin-biçinli, toyuq-cücəli kənd həyatı. Biz tərəflərdə tütünçülük, kartofçuluq, taxılçılıq, heyvandarlıq insanların əsas məşğuliyyət növü idi. Uşaq olsam da sübh tezdən babam və nənəmlə bir oyanardım. Buna görə tənbeh edilərdim, yatmağımı istəsələr də yuxuya getməzdim. Anamın, nənəmin səhər yeməyi hazırlamasını, babamın mal-heyvanı nobata yola salmasını, birlikdə süfrə arxasında əyləşməyimizi, atamın və babamın hazırlaşıb işə getməsini hər gün müşahidə edərdim. Ardınca anam və nənəm də kolxozun tütün sahəsində işləməyə gedərdilər.

Mən Sehran nənəmin nəzarəti altında olar, həyət-bacada oynayardım. Hərdən diqqətdən yayınıb su quyusuna vedrə sallayar, böyüklər kimi quyudan su çəkməyə çalışardım. Əlbəttə ki, buna gücüm çatmazdı. Amma su ilə dolu vedrənin ipini də əlimdən buraxmazdım, Sehran nənəmi haraylayar, kömək istəyərdim. Qoca nənəm tez gəlib vedrəni quyudan dartıb çıxardar, mənə təpinərdi ki, dinc dayanım.

Hərdən böyüklərə qoşulub iş sahəsinə gedərdim. İşləməsəm də hər şeyi müşahidə edərdim. Həyətyanı sahəmizdə əkdiyimiz taxılı yetişəndən sonra dəyirmana aparıb üyütməyimiz, una çevirib evə gətirməyimiz, bağımızda yetişən kartofu toplamağımız, saxlanc anbarı kimi quyuda yerbəyer etməyimiz, həmçinin parniklərdə (istixana) tütün ştilinin yetişdirilməsi, kolxozun sahəsində əkilməsi, ona edilən aqrotexniki qulluq, hazır məhsulun yığılması, tütün yarpaqlarının ipə keçirilərək qurudulması, tədarük edilməsi böyüklərimizin ilboyu həyat tərzi, dolanışıq mənbəyi idi. Kolxozun əkin sahəsindən topladığımız “gülür”ün şirin dadından doymaq olmurdu. Bu məhsulu indi xanımlarımız yaşıl noxud kimi paytaxt salatında daha çox istifadə edirlər.

Əli babamla birlikdə sürücü Xaçı kişinin “QAZ-66” yük maşınında yaylaqlara çox səfər etmişəm. Babam kolxozun südünü təhvil-təslim alar, sonra onu bidonlarda rayon mərkəzindəki süd zavoduna çatdırardı. Yaylaqda qoyun-quzu sürülərinin arasında itib-batar, bəzən isə gücüm çatmazdı ki, onları itələyib yolumu davam edim. Belə anlarda köməyimə ata babamın qardaşı, kolxozun baş çobanı Bilman baba çatardı. Yamyaşıl dağlarda babamla quzu qulağı, kığ, baldırğan, kəklikotu, əvəlik toplamağımız, ətirli çiçəklərdən hazırladığımız kiçik gül dəstəsinin gözəlliyi, qoxusu, rəngarəngliyi bir başqa aləm idi.

Babamın iştirak etdiyi toylarda sevimli nəvə kimi mən də var idim. Aşıqların ifa etdiyi havaların, söylədikləri dastanların sözlərini tam mənasında dərk etməzdim, amma sazın sehrli səsindən zövq alardım. Bəlkə də uşaq vaxtı bu ifaları çox dinləmişəm deyə, indi də saz səsi eşidəndə, “Ruhani”, “Dilqəmi” ifa ediləndə ruhuma oxşayır, gözlərim gülür, qəribə və izah edə bilmədiyim xoş hisslər yaşayıram. Yaz-yay aylarında evdəki xalçanın, kilimin çay kənarında yuyulması, evlərin səliqə-sahmana salınması qadınların qohum-qonşularla birlikdə qışlıq azuqə hazırlaması, xüsusən əriştə kəsmə, qovurma və qurut hazırlama mərasimlərinin hər biri unudulmayan adət-ənənələrdəndir.

Mən Nərimanlıda məktəbli də olmuşam axı. Məktəbəqədər təhsilimin ilk üç ayını doğma kənd məktəbində almışam. İndi haqq dünyasında olan Qalibə və Hatəm müəllimin öyrətdikləri təhsil yolunda ilk biliyim, özülümdür. Onlar əlimizdən tutub yazmağı öyrədib, bizə valideynlərimiz kimi doğmalıq və mehribanlıq göstəriblər. Onların gülərüz siması, qayğıkeşliyi, tələbkarlığı, eyni zamanda məktəbdəki nizam-intizam, həyətində yan-yana düzülən tarixi qoç heykəlləri indi də gözlərim önündədir.

Qışda qar çox yağdığından kəndimiz ağ örpəyə bürünərdi. Evdən məktəbə və əksinə hərəkət edəndə ayaqlarımız altında qalan qarın xırıltısı, havanın təmizliyi, təbiətin sakitliyi, buz bağlayan çay Nərimanlının özünəməxsusluğu idi. Yeni İl bayramının gözəlliyini, Novruz Bayramının möhtəşəmliyini də ilk öncə bu kənddə görmək, yaşamaq, şadlanmaq nəsibim olub.

İndiyə qədər təsvir etdiklərim 37 ildir təkrar-təkrar baxdığım, 1982-1988-ci illəri əhatə edən bir filmin rəngli kadrlarıdır. 1988-ci ilin qarlı-şaxtalı noyabr ayından sonrakı dövrləri əhatə edən kadrlar isə ağ-qaradır.

Dəqiq yadımda deyil, amma noyabr ayının hansısa günündə məktəbə getdim və ilk dəfə gördüm ki, sinifdə məndən başqa cəmi iki nəfər şagird var. Halbuki bu sinifdə bütün oturacaqlarda, parta arxasında əyləşən sinif yoldaşlarım var idi. Birinci dərsdən sonra bizi də müəllimimiz evə yolladı. Hamının üzündə qəm-qüssə, kədər, səssizlik və ümidsizlik var idi.

Ölkədə, dünyada baş verənlərdən xəbərsiz olsam da uşaq fəhmi ilə böyüklərin narahatlığını duyur və o hisslərə qapılırdım. Həmin gündən başlayaraq axşamlar evimizdə babamı, atamı görmədim. Nənəm, anam nağıl danışar, başımı qatar, məni yatızdırardılar. Sonralar biləcəkdim ki, atam və babam da daxil olmaqla, Nərimanlının bütün kişiləri yaba, bel, dırmıq, balta ilə “silahlanıb” gecələr kəndin dörd bir yanında keşik çəkib, mümkün erməni hücumlarının qarşısını almağa hazırlıq görüblər. Beləcə mənə görə sükut və iztirab dolu, böyüklər üçün isə təhlükəli günlər yaşanıb.

Belə günlərin birində kəndi tərk etmək məcburiyyətində qaldıq. Atam, babam və nənəm kəndimizdə qaldı. Qoca nənəm, anam, iki yaşlı bacım və mən “UAZ-Vilis”lə əvvəl Kəlbəcərə, bir həftə sonra Bakıya gəlməli olduq. Təxminən iki həftə sonra atam, babam və nənəm də Bakıya gəldilər. Nərimanlıdan Kəlbəcərə doğru qarlı aşırımlarda ard-arda düzülən köç maşınları, qarşımızı kəsən rus əsgərləri, onların insanlarla kobud rəftarı, üzləşdiyimiz təhlükə və çətinliklər yaddaşımda silinməz izlər buraxıb, ağır travmalar yaşadıb. O andan etibarən qaçqına çevrilmişdik. Ata-babalarımın illərlə böyük zəhmət hesabına qurub-yaratdığı hər şey əlimizdən alınmışdı.

Azərbaycan doğma olsa da öz ata-baba yurdumuzla müqayisədə tamamilə yeni ölkədə və şəhərdə həyatımızı sıfırdan başlamalı olduq. Bir tikə çörək qazanmaq üçün böyüklərin səfərbər olması, evsizlik, şəraitsizlik didərginə çevrilən ailənin dərdinin üstünə dərd gətirmişdi. Böyüklərin o illərdə yaşadığı hiss-həyəcanı onlarla birlikdə yaşamaq, yaşımızdan tez böyümək qismətimiz oldu. Ailə özünə gəlib sabit bir həyat tərzi qurana qədər uşaqlığımız, yeniyetməliyimiz məhv olub getdi. Şəhər evinin dörd divarı, rütubət, nəmişlik aktiv həyat tərzinə öyrəşən qoca Sehran nənəmin ayaqlarının tutulmasına, ardınca vəfat etməsinə səbəb oldu. Əli babam və Röyzə nənəm yaşadıqları sarsıntıdan dolayı daha tez qocaldılar. İndi onlar da haqq dünyasındadırlar. Deportasiya mənə və ailəmə bax bunları yaşatdı, el-obanı, doğmaları pərən-pərən saldı. Əslinə qalsa, deportasiyadan sonra yaşadıqlarımın yaşayış olub-olmaması da sual altındadır...

Bəhs etdiyim ağ-qara kadrlar yaşadığım, baxdığım ömür filmimin ağrılı-acılı günlərini dönüb-dönüb xatırladır. Hər gün, hər saniyə bu filmə baxır, onunla anbaan böyüyür, yaşlanıram. Mən böyüsəm də o kadrlardakı uşaq böyümür, yaşlanmır. O kadrlardan Nərimanlıda məktəbəqədər təhsil alan 6 yaşlı şagirdin baxışları hey mənə zillənir. Bu kədərli, qüssəli baxışlar məni əzir və sözsüz ki, keçmişimə haraylayır. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Biz Vətənimizi ona görə çox sevir, ona görə həsrətini çəkirik ki, orada uşaqlığımız qalıb” fikrini indi daha yaxşı başa düşürəm.  

Qeyd etdiklərimə, yaşadıqlarıma rəğmən, çox bədbin də deyiləm. Xüsusən İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışından sonra mən və mənim kimi uşaqlığı Qərbi Azərbaycanda qalanların köksündə, ruhunda bir ümid göyərib. Narahat ruhları göylərdə dolaşan doğmalarımızı fiziki baxımdan geri qaytarmaq mümkün olmasa da bizim Göyçəyə, Nərimanlıya qayıtmağımız mütləq baş tutacaq. Mən buna inanıram. İnanıram ki, geri dönüb uçurulan, dağıdılan evimizin yerində yeni özül qazacaq, əvvəlkindən daha möhkəm divarlar hörüb qaldıracaq, sönən çırağımızı yandıracağam. Həyətimizdəki su quyusunu yenidən qazıb oraya vedrə sallayacaq, su çıxardacaq, torpağı əkib-becərib ona yeni həyat verəcəyəm.  Yəqin ki, onda həyat filmimin kadrları da yenidən rəngarəng və canlı olacaq...

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!