Elə peşələr var ki, onlar həm də xarakter məktəbidir. Neftçilər də məhz belə peşə sahibləridir. Bu peşədə insanın biliyi qədər cəsarəti, texniki bacarığı qədər iradəsi sınağa çəkilir. Xəzərin ortasında, küləyin sərtləşdiyi, dalğanın böyüdüyü anlarda insan ya peşəkar olur ya da geri çəkilir. Ortası yoxdur.
Xaliddin Tatlıyev bu “ortası olmayan” peşənin adamıdır. Onun həyat yoluna baxanda bunu təkcə bir insanın ömür yolu kimi yox, bütöv bir dövrün salnaməsi kimi oxuyursan. 1936-cı ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya gələn bu əfsanə insan, on illərlə Azərbaycanın neft sənayesinin ən mürəkkəb, ən məsuliyyətli, ən təhlükəli və eyni zamanda ən şərəfli sahəsinin önündə dayandı.
1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutundan məzun oldu. Neft qoxusu sinmiş o möhtəşəm elm ocağında yetişən hər mühəndis Xəzərin Azərbaycan üçün nə demək olduğunu bütün varlığıyla duyur. Gənc Xaliddin təyinatla Özbəkistana çalışmağa gedir. Orada qazmaçı kimi təcrübə qazanır, peşənin ağrı-acısını dadır. Daha sonra tale onu Suriyaya atır. Bu ölkələr təsadüfi seçilmiş coğrafiyalar deyildi. Neft sənayesi sərhəd tanımır, həqiqi mütəxəssislər də yalnız doğma torpaqlarda deyil, beynəlxalq səviyyədə sınanıb püxtələşirlər. Xaliddin Tatliyev geniş dünya təcrübəsinə sahib olan mütəxəssis olur.

Onun fəaliyyətinin 1980-ci illərdəki mərhələsi xüsusilə diqqət çəkir. Bu dövr Xəzərdə dərinliklərin fəth edildiyi illər idi. Yüz metrdən artıq dərinlikdə qazma işlərinin təşkili, dənizdə üzən qazma qurğularının ölkəyə gətirilməsi, onların istismara hazırlanması… bunlar artıq təkcə texniki icra deyil, mürəkkəb istehsalat proseslərinin idarə olunması idi.
Müstəqillik dövrü və “Əsrin müqaviləsi”... Bu mərhələdə texniki biliklə yanaşı, strateji düşüncə, beynəlxalq əməkdaşlıq, qərarvermə məsuliyyəti ön plana çıxır. Xarici şirkətlərlə birlikdə kəşfiyyat və qazma işlərinin planlaşdırılması, layihələrin təsdiqi artıq yalnız mühəndislik deyil, sənaye diplomatiyası idi.
Xaliddin müəllim eyni zamanda elmi düşüncəni istehsalata gətirən neftçi-alimlərdəndir.
Onun elmi işləri, patentləri və tətbiqi nəticələri bu adı peşə tarixində iri hərflərlə yazdırıb.
Neftçilərdən danışılanda çətinlik, risk, qəhrəmanlıq kimi qəlibləşmiş kəlmələr tələffüz edilir. Xaliddin müəllim isə bu sözləri həyatda konkret məzmunla doldurmuş insandır.
Oğlu Rövşən mənim dostumdur. Xaliddin müəllimi də bu vəsilə ilə tanımışam. Onu ilk gördüyümdə diqqətimi ən çox çəkən sadəliyi, təvazökar duruşu və təmkini oldu. “Dənizin dərinliyində işləyən insanlar quruda adətən səssiz olurlar” deyə düşünmüşdüm…
Xaliddin müəllimin ailəsində bariz bir xətt görünür – davamlılıq xətti. Onun ömrü yalnız qazılmış quyuların, qurulmuş platformaların tarixi deyil, o, eyni zamanda nəhəng bir təcrübə dağarcığı, önəmli bir məktəbdir. Bu məktəbin ilk davamçılarından biri də oğludur. Rövşən də atasının getdiyi yolu seçib, eyni auditoriyalarda mühazirələr dinləyib, eyni laboratoriyalarda sınaqlar keçirib, eyni mühəndis təfəkkürü ilə formalaşıb. Bu, təsadüf deyil, daxildən gələn bir sədaqətin nəticəsidir.
Azərbaycan Neft və Kimya institutu bu ailə üçün ali məktəb olmaqla bərabər, həm də bir başlanğıc nöqtəsidir. Burada formalaşan baxış, məsuliyyət hissi və peşəyə münasibət bu ailənin təməlini təşkil edən dəyərlərdir. Xaliddin müəllim bu ruhu yaşadı, Rövşən isə onu davam etdirir. İndi bu xəttin üçüncü bir dalğası da görünməkdədir.
Xalid isə bu yolun hələ başlanğıcında dayanır. O, eyni zamanda böyük bir gözləntinin, bir ənənənin və bir məsuliyyətin daşıyıcısıdır. Arzum budur ki, o da babası kimi Xəzərin sərtliyindən çəkinməsin, atasının keçdiyi yolu təkrar etməklə qalmasın, onu daha da irəli aparsın. Çünki hər yeni nəsil təkcə davam etdirməməli, həm də genişləndirməli və daha irəli perspektivlərə aparmalıdır.
Bu ailədə neft sadəcə yerin altından çıxarılan sərvət deyil. Tatlıyevlər üçün neft zəhmətin, bilik ötürülməsinin, sədaqətin və peşə ləyaqətinin simvoludur.
Əgər bir gün Xəzərin ortasında yeni bir platformada bir gənc mühəndis dayanacaqsa və onun soyadı Tatlıyev olacaqsa, buna təəccüb etməməliyik. Çünki bu bir sağlam təməlin davamı olacaqdır. Bu isə artıq bir həqiqəti göstərir: bu ailədə peşə seçilmir, yaşadılır.
3 may 2026 tarixində görkəmli neftçinin 90 yaşı tamam olur.
Yubilyarın 90 yaşına baxanda bunu təkcə bir yubiley kimi deyil, həm də bir geoloji lay kimi, qat kimi görürəm. Çünki Xaliddin müəllimin ömrü də elə neft quyusu kimidir: lay-lay, qat-qat, dərindən də dərin və hamısında da ayrı bir səriştə və təcrübə.
Xaliddin müəllimə arzu edirəm ki:
– həyatının növbəti illəri artıq qazma rejimində yox, istismar rejimində keçsin;
– yəni daha çox bəhrə verib, daha az enerji tələb etsin;
– sağlamlığının “təzyiqi” hər zaman normada qalsın, heç bir “fontan” gözlənilməz çıxış yapmasın;
– yaddaşının “quyuları” heç vaxt qurumasın, əksinə, yeni nəsillər üçün təmiz və zəngin “məlumat hasilatı” versin;
– ətrafındakı gənc mühəndislər təcrübəsindən “yan keçməsinlər”, əksinə, düzgün trayektoriya ilə sizə qoşulsunlar;
– həyatınızda heç bir “qəza dayanması” olmasın, yalnız planlı və rahat fasilələr olsun.
Ən böyük arzularımdan biri də budur ki, Xaliddin müəllim 100 yaşını qeyd edəndə deyək ki, o, “ehtiyatların qiymətləndirilməsi” ilə məşğuldur, sadəcə bu dəfə söhbət neftdən yox, insanlardan gedir. Çünki Xaliddin Tatlıyev kimi adamlar bu həqiqəti isbat ediblər:
Neft tükənə bilər, amma peşəkarlıq, insanlıq, Vətən sevgisi – yox.
90-cı yaşınız mübarək, Böyük Nefçi!