Xalqların həyatında elə dönüş nöqtələri olur ki, həmin günlər illər keçsə də, öz əhəmiyyətini itirmir və gələcək nəsillər üçün örnək hadisələrin rəmzinə çevrilir. 15 İyun günü də məhz belə tarixi hadisələrdən birinin baş verdiyi gündür. Bu günün mahiyyətində yalnız hakimiyyət dəyişikliyi deyil, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, sabitliyin bərpa olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi dayanır. 1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri kimi xatırlanır. SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən ölkəmiz həm xarici təcavüz, həm də daxili siyasi çəkişmələrlə üzləşmişdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız itirilir, cəbhədə uğursuzluqlar yaşanırdı. Digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə, idarəetmədəki çatışmazlıqlar və qanunsuz silahlı qrupların fəaliyyəti vəziyyəti daha da ağırlaşdırırdı. 70 ildən sonra qan bahasına bərpa edilmiş milli dövlətçiliyimiz ciddi sınaq qarşısında qalmışdı.
1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Həmin dövrdə xalqın böyük əksəriyyəti ölkəni yaranmış böhrandan çıxara biləcək yeganə siyasi lider kimi Heydər Əliyevi görürdü. Onun Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu və nəticələr özünü çox ləngitmədi. Ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı, dövlət idarəçiliyində nizam-intizam yaradıldı, ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, cəbhədə atəşkəs əldə olundu. Azərbaycan tədricən haosdan çıxaraq müstəqil inkişaf yoluna qədəm qoydu. Məhz həmin dövrdə formalaşdırılan siyasi və iqtisadi kurs, sonrakı illərdə ölkənin uğurlarının əsasını təşkil etdi. Ona görə də 15 iyun Milli Qurtulş günü elan olundu.
Milli Qurtuluş Günü həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasının başlanğıcı kimi qiymətləndirilir. Dövlət maraqlarına əsaslanan xarici siyasət ölkənin nüfuzunu artırdı, iqtisadi inkişaf üçün yeni imkanlar yaratdı. Heydər Əliyev tərəfindən irəli sürülən Neft strategiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması və bütün sahələrdə dönmədən həyata keçirilən mühüm islahatlar Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsinə zəmin yaratdı.
Bu gün geriyə nəzər saldıqda aydın görünür ki, 15 İyun bütövlükdə dövlətçiliyini və müstəqilliyini itirməkdə olan bir xalqın dirçəlişinin və tarixi inkişaf konsepsiyasının başlanğıcı idi. Azərbaycanın sonrakı uğurları, güclü və müstəqil dövlətə çevrilməsi, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həmin siyasi kursun məntiqi davamıdır. Milli Qurtuluş Günü xalqımızın birlik iradəsinin, dövlətçilik ənənələrinə sadiqliyinin və milli maraqlar ətrafında birləşmək bacarığının rəmzidir. Aradan illər keçsə də, 15 İyun Azərbaycan tarixində dövlətimizin xilası və yüksəlişinin başlanğıcı kimi öz əhəmiyyətini qoruyub saxlayacaq.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı