2008-ci ilin gözəl bir iyul axşamı idi.
Məni İstanbulun məşhur “Sunset” restoranına dəvət etmişdi.
Dediyi saatda gəldim.
Girişdə:
– Yaraşıqlı bir rus misafirimiz gəldimi? – deyə soruşdum.
– İki saat əvvəldən gəlib, Boğazı seyr edir – dedilər.
Onu uzaqdan dalğalı “salt and pepper” saçlarından tanıdım. İstanbulun ən dəbdəbəli restoranlarından birinin ən gözəl iki nəfərlik masasında oturub, Bosforun bənzərsiz mənzərəsinə dalmışdı. Elə o gözəlliyi görmək üçün də dəvət saatından əvvəl gəlmişdi.
Axşam yavaş-yavaş şəhərin üzərinə enirdi. Tez-tez saatına baxır, əlindəki kiçik fotoaparatla Günəşin qürub anını gözləyirdi. Açıq havada oturmuşduq. Qarşımızda Boğazın qaraya çalan mavisi uzanırdı. Gecə üstümüzə endikcə birinci körpü havada asılmış işıqlı xəttə çevrildi. Qırmızı və ağ işıqlar suyun üzərində titrəyir, axıntı onları dağıdıb yenidən qururdu…

Vladimir Molçanov Sovet Mərkəzi Televiziyasının canlı əfsanələrindən biri, məşhur radio və televiziya aparıcısı idi. Tipik rus intelligenti təsiri bağışlayırdı. Vicdanlı bir televiziya jurnalisti kimi tanınırdı. Həm “Vremya” xəbər proqramının aparıcı simalarından biri olmuş, həm də son dərəcə populyar “Gecəyarısından əvvəl və sonra” (“До и после полуночи”) verilişini aparmışdı. Boylu-buxunlu, idmançı görkəmli adam idi; uzun illər peşəkar tennis oynamışdı. Amma sifəti çox solğundu, xəstə bir insan təsiri bağışlayırdı.
Masanın üstündəki işıq zəif idi. Külək şamın alovunu sağa-sola əydikcə üzündəki kədər daha aydın görünürdü. İçki sifariş vermədik. Sadə bir yemək istədi. Gecə yarısına qədər uzun və maraqlı söhbət etdik.
Azərbaycandan danışdı. Qarabağ hadisələri zamanı xalqımızın dirayətinin və azadlıq hərəkatının Sovet imperiyasının süqutunu sürətləndirən əsas amillərdən biri olduğunu dedi. O axşam öyrəndim ki, Molçanov 1991-ci ildə Vilnüsdə yanvar hadisələri zamanı Sovet ordusunun törətdiklərinə etiraz olaraq “Vremya” proqramından ayrılmış, partiya biletini nümayişkaranə şəkildə tullamışdı.
Bir anlıq susdu.
Sakitliyi mən pozdum:
– Bəs niyə 20 Yanvar 1990-da Bakıda törədilən qırğına etiraz etmədin?
Qıpqırmızı oldu. Nə deyəcəyini bilmədi. Bir qədər susduqdan sonra asta səslə:
– Bəli… O zaman da səsimi qaldırmalı idim, – dedi.
Bu etiraf gecənin ən unudulmaz anı oldu...
Yaxşı ailədə böyümüşdü. Atası bəstəkar olmuş, bir vaxtlar “Bolşoy Teatr”a rəhbərlik etmişdi. Anası tanınmış aktrisa idi. Bacısı isə Uimbldon finalında oynamış, sonralar televiziyada idman proqramlarının məşhur aparıcısına çevrilmiş Anna Dmitriyeva idi...
Bu səhər eşitdim ki, Vladimir Molçanov mayın 12-də, 75 yaşında, illərdir mübarizə apardığı xəstəliklərə yenilərək vəfat edib.
Onu hörmətlə xatırlayacağam.