Modern.az

Diplomatik görüşün keçirildiyi Dilican haqda bilmədiklərimiz

Diplomatik görüşün keçirildiyi Dilican haqda bilmədiklərimiz

Aktual

Bu gün, 10:51

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün məkanı kimi seçilən Dilican şəhəri bir daha regionun diqqət mərkəzinə çevrilib.

Modern.az xəbər verir ki, bu gün Ermənistanın Tavuş vilayətinin əsas şəhərlərindən sayılan Dilican uzun illərdir "Ermənistanın İsveçrəsi" kimi təqdim olunur. İrəvandan təxminən 100 kilometr şimal-şərqdə yerləşən şəhər sıx meşələr, dağ silsilələri və təmiz hava ilə əhatə olunub. Sovet dövründən başlayaraq minlərlə insan burada istirahət edib, sanatoriyalarda müalicə alıb, yay aylarını keçirib.

Dilicanın tarixi sovet dövründən daha əvvələ gedib çıxır. Çar Rusiyası hakimiyyəti illərində şəhər və ətraf ərazilər Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının tərkibində olub. Bu fakt bölgənin tarixi-coğrafi baxımdan Azərbaycanla sıx əlaqələrə malik olduğunu göstərən məqamlardan biri hesab edilir.

XX əsrin əvvəllərinə qədər azərbaycanlıların çoxluq təşkil etdiyi Dilican dərəsi və eyniadlı yaşayış məskəni erməni-daşnak dəstələrinin hücumuna məruz qaldı və onminlərlə soydaşımız Dilicanı, qonşu Karvansaray rayonunu (indiki İcevan) tərk etməyə məcbur oldu. Bu hadisələr bölgənin etnik tərkibini dəyişərək ərazilərin tarixi sahibi olan azərbaycanlıların azlıqda qalmasına yol açdı. Ən son zərbəni isə Sovet İttifaqı vurdu və 1922-ci ildə Göyçı mahalı və Dilican dərəsini məqsədli şəkildə Ermənistana birləşdirdi.

Sovet hakimiyyəti dövründə, 1930-cu il sentyabrın 9-da Dilican rayonu yaradıldı və ayrıca inzibati vahid kimi fəaliyyət göstərməyə başladı. Rayonun inzibati mərkəzi Dilican şəhər tipli qəsəbəsi idi. 1939-cu il siyahıyaalınmasına görə, rayonda 14 min 600 nəfər yaşayırdı və onların 14 faizdən çoxunu azərbaycanlılar təşkil edirdi.

1951-ci il martın 19-da rayon ləğv edilərək Karvansaray (İcevan) rayonuna birləşdirildi. Elə həmin il Dilican qəsəbəsinə şəhər statusu verildi. Sonrakı dövrdə şəhər Ermənistan SSR-in ən məşhur kurort və istirahət mərkəzlərindən birinə çevrildi.

Tarixçilərin fikrincə, Dilicanın yerləşdiyi ərazi əsrlər boyu Şərqlə Qərbi birləşdirən ticarət marşrutlarının üzərində olub. Bu bölgədən keçən yollar Azərbaycan, Gürcüstan və Anadolu istiqamətlərini bir-birinə bağlayırdı. Şəhərin adı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Ən məşhur versiyaya görə, Dilican adı "Dili" adlı azərbaycanlı bir çobanla bağlı xalq rəvayətindən yaranıb.

XIX əsrin əvvəllərində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra bölgənin siyasi və demoqrafik mənzərəsi dəyişməyə başladı. Məhz həmin dövrdən etibarən Dilican kurort və istirahət məntəqəsi kimi inkişaf etməyə başladı. Dağ havası və mineral su mənbələri şəhərin gələcək taleyini müəyyənləşdirdi.

Sovet hakimiyyəti illərində Dilican ən məşhur sanatoriya şəhərlərindən birinə çevrildi. Burada ittifaqın müxtəlif guşələrindən gələn insanlar istirahət edir, sağlamlıqlarını bərpa edirdilər. Şəhərin memarlığında və planlaşdırılmasında da həmin dövrün izləri bu günə qədər qalmaqdadır.

Dilican ətrafı qədim dini və memarlıq abidələri ilə də zəngindir. Şəhərin yaxınlığında yerləşən Həğartsin və Qoşavəng monastır kompleksləri erməniləşdirilmiş qədim alban irsinin mühüm nümunələri hesab edilir. Meşəliklərin içərisində gizlənən bu tikililər hər il minlərlə turist cəlb edir.

Müstəqillik dövründə şəhər yalnız turizm mərkəzi kimi deyil, həm də beynəlxalq layihələrin ünvanı kimi inkişaf etdirilib. Ermənistan Mərkəzi Bankının tədris kompleksi, beynəlxalq məktəblər, forumlar və müxtəlif konfranslar Dilicanın yeni imicinin formalaşdırılmasına xidmət edib. Son illərdə şəhərin diplomatik tədbirlər üçün seçilməsi də təsadüfi deyil.

1939-cu ildə keçirilmiş ümumittifaq siyahıyaalınmasına əsasən, Dilican rayonunun əhalisi 14 min 600 nəfər olub. Onların 5 min 296 nəfəri şəhərdə, 9 min 304 nəfəri isə kəndlərdə yaşayırdı. Həmin dövrdə rayonda 2 min 51 nəfər azərbaycanlı yaşayırdı ki, bu da ümumi əhalinin 14,05 faizini təşkil edirdi. Maraqlıdır ki, etnik təmizləmələr səbəbilə azərbaycanlıların cəmi 21 nəfəri Dilican qəsəbəsində yaşayırdı. Azərbaycanlı əhalinin təxminən 99 faizi rayonun kəndlərində yaşayırdı. Bu statistika bütün təzyiq və hücumlara baxmayaraq sovet dövründə rayonun etnik tərkibində azərbaycanlıların da nəzərəçarpacaq paya malik olduğunu göstərir.

Lakin şəhərin tarixinin başqa bir qatı da var. Bu qat çox zaman Ermənistanın rəsmi turizm broşürlərində və ya beynəlxalq təqdimatlarında görünmür.

Tarixi mənbələr göstərir ki, indiki Ermənistan ərazisinin bir çox bölgələri kimi Dilican və onun ətraf kəndlərində də uzun illər azərbaycanlı əhali yaşayıb. XIX əsrin sonları və XX əsrin əvvəllərində bölgənin etnik mənzərəsi bugünkündən əhəmiyyətli dərəcədə fərqlənirdi. Rusiya imperiyasının statistik materiallarında və sonrakı sovet sənədlərində Dilican ətrafında müsəlman-türk əhalisinin mövcudluğu qeyd edilir.

Bu insanlar əsasən maldarlıq, əkinçilik, bağçılıq və ticarətlə məşğul olurdular. Dağlıq ərazinin yaylaqları və məhsuldar torpaqları onların həyat tərzinin əsasını təşkil edirdi. Azərbaycan türkləri bölgənin iqtisadi və sosial həyatının ayrılmaz hissəsi idilər.

XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi təlatümlər, erməni-müsəlman qarşıdurmaları və hakimiyyət dəyişiklikləri bölgənin etnik strukturuna təsir göstərsə də, sovet hakimiyyətinin ilk onilliklərində azərbaycanlılar burada yaşamağa davam etdilər.

Dilicanın taleyində dönüş nöqtələrindən biri 1948-1953-cü illərdə baş verdi. SSRİ rəhbərliyinin qərarı ilə Ermənistan SSR-də yaşayan on minlərlə azərbaycanlı tarixi yaşayış yerlərindən çıxarılaraq Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Bu proses Tavuş bölgəsinə və Dilican ətrafında yaşayan ailələrə də təsir etdi.

Lakin bölgənin etnik xəritəsinin tam dəyişməsi 1987-1988-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə baş verdi. Həmin illərdə Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlı kimi Dilican və ətraf yaşayış məntəqələrinin sakinləri də öz doğma yurdlarını tərk etməyə məcbur oldular.

Maraqlıdır ki, vaxtilə müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu bir məkan olan Dilican bu gün də dialoq və təmas məkanı funksiyasını qoruyur. Son illərdə Ermənistan rəhbərliyi mühüm beynəlxalq görüşlərin bir hissəsini məhz burada keçirməyə üstünlük verir.

Hikmət Hacıyev və Armen Qriqoryan arasında baş tutan son görüş də bu mənada simvolik xarakter daşıyır. Cənubi Qafqazın gələcəyinin müzakirə olunduğu danışıqlar bölgənin mürəkkəb tarixi yaddaşını özündə daşıyan bir şəhərdə keçirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ