İran ABŞ ilə əldə olunan razılaşmanın Donald Trampın doğum gününə təsadüf etməməsi üçün sazişin yekunlaşdırılmasını yerli vaxtla gecəyarısına qədər təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, Tehran və Vaşinqton arasındakı 7,5 saatlıq vaxt fərqi hər iki tərəfə razılaşmanın özünün üstün tutduğu tarixdə başa çatdığını bəyan etməyə imkan verib.
Belə ki, ABŞ tərəfi sənədin bazar günü yekunlaşdırıldığını bildirərkən, İran bunun artıq növbəti gün – bazar ertəsi baş verdiyini vurğulayıb.
Nəşr qeyd edir ki, Tehran sazişin ABŞ Prezidenti Donald Trampın doğum günündə imzalanmış kimi görünməsindən yayınmağa çalışıb. Bu səbəbdən razılaşmanın rəsmiləşdirilməsi üçün yerli vaxtla gecəyarısının keçməsi gözlənilib.
Beləliklə, vaxt fərqi həm Vaşinqtona, həm də Tehrana əldə olunan anlaşmanı öz siyasi mövqelərinə uyğun şəkildə təqdim etmək imkanı yaradıb.
Qeyd edək ki, ABŞ Prezidentinin doğum günü 14 iyun tarixinə təsadüf edir.