Modern.az

Netanyahu Trampa: Livandan çıxmayacağıq

Netanyahu Trampa: Livandan çıxmayacağıq

Dünya

Bu gün, 11:34

İsrail Livandan qoşunlarını çıxarmaq niyyətində deyil və “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.

Modern.az xəbər verir ki,  İsrailin "Ynet" nəşrinin hökumətdəki mənbələrinə əsasən bu barədə Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışığında bildirib.

Mənbələrin sözlərinə görə, Netanyahu ABŞ və İran arasında hazırlanmaqda olan razılaşmanın Livanla bağlı müddəalarını İsrail üçün məcburi hesab etmir. O bildirib ki, İsrail “Hizbullah”a qarşı hərəkət azadlığını məhdudlaşdıracaq heç bir razılaşmanı qəbul etməyəcək.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında aralıq sülh razılaşmasının əldə olunduğunu açıqlayarkən tərəflərin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və tam dayandırılması barədə razılığa gəldiyini bildirmişdi.

"Ynet"in məlumatına görə, yüksək vəzifəli israilli rəsmilər Livanla bağlı müddəanı İsrail üçün prinsipial məsələ adlandırıblar.

“Əgər bizdən Livandan qoşunlarımızı çıxarmaq tələb olunarsa, bu, geri çəkilməyəcəyimiz məsələlərdən biri olacaq”, – deyə nəşrin həmsöhbətlərindən biri bildirib.

Rəsmilərdən biri vurğulayıb ki, Netanyahu İranın bu istiqamətdəki tələblərini qətiyyətlə rədd edir və ABŞ administrasiyası da İsrailin bu mövzunu müzakirə predmeti hesab etmədiyini anlayır.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də ABŞ-İran razılaşmasının İsrail üçün heç bir hüquqi öhdəlik yaratmadığını bəyan edib.

“İsrail bu sazişin tərəfi deyil. Bu razılaşma heç bir formada İsraili öhdəlik altına salmır”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, İsrail “Hizbullah”ın tam tərksilah edilməsindən daha az nəticə ilə razılaşmamalıdır.

“Döyüşçülərimizin nəzarətə götürdüyü və terror infrastrukturlarından təmizlədiyi heç bir ərazidən geri çəkilməməliyik”, – Ben-Qvir vurğulayıb.

O, həmçinin Donald Trampa təşəkkür etdiyini qeyd etsə də, İsrailin ABŞ-yə tabe olmadığını bildirib:

“İsrail dövləti banan respublikası deyil və heç kimə tabe olmur”.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ