Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.
Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ziyadlı kəndi ərazisində, Samux–Kür avtomobil yolunun kənarında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli qürurunun, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bu aksiya həm də tarixi Qələbəmizin əbədiləşdirilməsinə, Zəfər ruhunun gələcək nəsillərə aşılanmasına və Vətənə sevginin əməli fəaliyyətlə ifadə olunmasına xidmət edir.
Aksiya çərçivəsində rayon ərazisində ümumilikdə 2000 ədədədək ağac və gül kolları əkilib. Əkilən tinglərin əsas hissəsini zeytun və badam ağacları təşkil edib. Bununla yanaşı, ərazidə oleandr, sezalnpiniya və digər gül bitkiləri də əkilib. Tinglərin normal inkişafını təmin etmək məqsədilə ərazidə damlama suvarma sistemi quraşdırılıb. Həmçinin, mövcud ağacların dibləri yumşaldılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Həyata keçirilən yaşıllaşdırma tədbirləri rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına mühüm töhfə verir.