Modern.az

Erməni oliqarxlar və kilsə sülhə mane olmağa çalışır - deputatlar

Erməni oliqarxlar və kilsə sülhə mane olmağa çalışır - deputatlar

Aktual

Bu gün, 15:36

Yaxın günlərdə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkənin beynəlxalq nüfuzunun göstəricilərindən biridir.

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib. Deputat vurğulayıb ki, Azərbaycan bu sahədə dünyada ən təcrübəli ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanın Qarabağa doğma torpaq kimi yanaşdığını göstərir:

“Hər il dövlət büdcəsindən milyardlarla vəsait ayrılır ki, həmin ərazilər yenidən qurulsun, oraya sülh və sabitlik qayıtsın, region inkişaf etsin. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin siyasəti yalnız siyasi bəyanatlardan ibarət deyil, konkret praktik addımlarla müşayiət olunur”.

Deputat çıxışında eyni zamanda Ermənistanda gedən siyasi proseslərə də toxunub. Onun fikrincə, hazırda bu ölkədə yeni siyasi baxış uğrunda ciddi mübarizə gedir. F.İsmayılzadə onu da əlavə edib edib ki, bu prosesdə radikal müxalifət, diaspor təşkilatları, oliqarxlar və Ermənistan kilsəsi eyni mövqedən çıxış edir:

“Son dövrlər bəzi Avropa ölkələrində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə də Ermənistan diasporunun və müəyyən maraq qruplarının təsiri açıq görünür. Oliqarxların maliyyə dəstəyi, kilsənin prosesə qoşulması və revanşist ideologiya birləşərək sülh prosesinə mane olmağa çalışır”.

O eyni zamanda diqqətə çatdırıb ki, bəzi xarici qüvvələr də Cənubi Qafqaz üzərində nəzarəti qorumaq niyyətindədirlər. 

Milli Məclisin deputatı Rizvan Nəbiyev isə bildirib ki, Prezident İlham Əliyevin çıxışında verilən mesajlar həm regional güclərə, həm də Ermənistanın siyasi elitasına ünvanlanıb. 

Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərinin yaxınlaşdığı bir dövrdə səsləndirilən fikirlər xüsusi siyasi məna daşıyır.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin “biz istəməsəydik, sülh olmazdı” fikri Azərbaycanın regionda formalaşdırdığı siyasi iradənin göstəricisidir:

“Azərbaycan yalnız hərbi meydanda deyil, siyasi-diplomatik müstəvidə də gücünü nümayiş etdirdi. Prezidentin xüsusi vurğuladığı məqamlardan biri də ultimatum məsələsi idi. Məhz Ali Baş Komandanın verdiyi ultimatum nəticəsində Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyat aparılmadan azad edildi”.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq humanitar hüquq prinsiplərinə uyğun aparılıb:

Deputat Ermənistanın Azərbaycana vurduğu ziyanın miqyasına da diqqət çəkib:

“Ən konservativ hesablamalara görə, Azərbaycana vurulan ziyan 150 milyard ABŞ dolları həcmindədir".

Parlamentari çıxışında Fransanın regiondakı siyasətinə də toxunub:

“Fransa müxtəlif regionlarda uğursuzluqlarla üzləşdikdən sonra yeni geosiyasi təsir məkanları axtarır və Ermənistanı növbəti forpost kimi görür. Prezident Makronun ritorikası ilə real siyasəti arasında ciddi fərq var”.

Deputat Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamalarına da diqqət çəkərək bildirib ki, artıq Ermənistan cəmiyyətində də yeni reallıqlar qəbul edilməyə başlanıb. R.Nəbiyev əlavə edib ki, Prezident İlham Əliyevin formalaşdırdığı siyasi reallıqlar regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Deputat sonda Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna diqqət çəkib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?