Modern.az

2030-cu ilə qədər dəmir yolunda yenilik ediləcək - SƏDR

2030-cu ilə qədər dəmir yolunda yenilik ediləcək - SƏDR

İqtisadiyyat

Bu gün, 14:56

“Əsas hədəflərimizdən biri, deyərdim ki, bəlkə də ən birincisi təhlükəsizlik məsələsidir”.

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

“Hesab edirəm ki, sərnişinlərin dəmir yoluna üz tutmasının ən əsas göstəricilərindən biri də məhz təhlükəsizliyin daha çox təmin olunduğuna əminlikdir. Bu baxımdan, qarşımızda duran əsas məsələ məhz təhlükəsizlikdir. Həm rəqəmsallaşma həllərimiz, həm də infrastruktur quruculuğumuzun məqsədi məhz sərnişinləri mənzilbaşına təhlükəsiz çatdırmaqdan ibarətdir”, - R.Rüstəmov qeyd edib.

QSC sədri təəssüflə bildirib ki, son illər bu və ya digər şəkildə dəmiryol infrastrukturuna müdaxilə halları baş verir:

“Qatarlara daş atılması, qatar yoluna hətta daşların düzülməsi halları olur, bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sonda sərnişinlərimizə, insanlarımıza olan ciddi təhdiddir. İstərdim ki, cəmiyyət özü də bu mövzuda təbliğat və maarifləndirmə işində bizə yardımçı olsun. Bu məsələdə ictimai qınaq çox önəm kəsb edir. Biz dəmir yolu ətrafında olan icmalarda, məktəblərdə, digər yaşayış məntəqələrində nə qədər təbliğat işi aparsaq da, cəmiyyətin bizimlə birlikdə bu məsələdə paralel şəkildə çalışmasına ciddi ehtiyac var. Digər tərəfdən, əlbəttə, biz müxtəlif elementlərlə, müxtəlif texniki vasitələrlə dəmir yolunun təhlükəsizliyini təmin etməyə çalışırıq. Dəmir yolu mühafizə zolağının tam hasarlanması, müşahidə kameralarının qoyulması – bunlar əsas məqsədlərimizdən biridir və məhz 2030-cu ilə qədər Abşeron dairəvi dəmir yolunda qurulacaq bütün stansiyalarda artıq qəbul olunmuş standarta görə hasarlanmanın həyata keçirilməsi, müşahidə kameralarının qoyulması nəzərdə tutulub. Bu, bizə infrastruktura müdaxilə hallarını zamanında və ünvanlı şəkildə aşkarlamağa kömək edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?