Azərbaycan regionda sülh modeli yaratmış dövlətdir və Prezident İlham Əliyevin çıxışlarında da vurğuladığı kimi, ölkəmiz bölgədə sülhün müəllifidir.
Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli bildirib.
O qeyd edib ki, bu ifadə çox böyük və məsuliyyətli mənanı özündə ehtiva edir:
“Azərbaycan regionda öz gücünə sülh yaradıb və bu sülh artıq bütün dünya üçün nümunəyə çevrilib. Dünyanın demək olar ki, əksər siyasi liderləri sülhdən danışırlar. Lakin beynəlxalq ictimai rəy, xüsusilə media bu çağırışlara hər zaman eyni diqqəti göstərmir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülh çağırışları isə yalnız Azərbaycan və region mediasında deyil, qlobal mediada da əsas müzakirə mövzularından birinə çevrilib:
“Bunun çox sadə səbəbi var. Cənab Prezident çıxışında da xüsusi vurğuladı ki, burada sözlə əməl birliyi mövcuddur. Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir. Bunun arxasında əməl, dövlətin siyasi iradəsi, Prezident İlham Əliyevin qətiyyəti və praktiki addımları dayanır”.
N.Məmmədli onu da əlavə edib ki, məhz bu səbəbdən Prezident İlham Əliyevin sülh çağırışları digər siyasi liderlərin bəyanatlarından praktiki, siyasi və mənəvi baxımdan prinsipial şəkildə fərqlənir.
“Belə bir şəraitdə medianın üzərinə də böyük məsuliyyət düşür. Xüsusilə, Azərbaycan mediası bu reallıqları dünyaya düzgün çatdırmalıdır”, - deyə o qeyd edib.