Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və anklavlarla bağlı müzakirələr davam edir. Ötən il delimitasiya prosesi çərçivəsində Qazaxın Ermənistanın nəzarətində olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb. Bununla yanaşı, Azərbaycanın Ermənistan ərazisində qalan 4 anklavı və Ermənistanın Azərbaycanın nəzarətində olan 1 anklavı ilə bağlı məsələ gündəmdə qalır.
Qeyd edək ki, hazırda Ermənistanda qalan anklavlarımız aşağıdakılardır:
-Kərki (Sədərək rayonu)
-Yuxarı Əskipara (Qazax rayonu)
-Sofulu (Qazax rayonu)
-Bərxudarlı (Qazax rayonu)
Modern.az-a açıqlamasında "Sülh Körpüsü" Təşəbbüsünün kuratoru, politoloq Fərhad Məmmədov bildirib ki, “Bizim Ermənistan tərəfində qalan 4, onların bizim ərazimizdə olan 1 anklavı və eyni zamanda sərhədin böyük bir hissəsinin müəyyən olunması böyük prosesin tərkib hissəsidir.
"Hazırda prioritet qaydada iki hissədə iş gedir. Razılaşdırılmış məsələ ondan ibarətdir ki, delimitasiya prosesi şimaldan cənuba doğru, yəni Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin toqquşduğu yerdən üzüaşağı olacaq.
İkinci məqam isə TRIPP layihəsi ilə bağlıdır. O reallaşmağa başlayanda kommunikasiyaların giriş və çıxışları delimitasiya olunmalıdır ki, orada tikinti işləri aparılsın.
Sonrakı məqamda isə artıq bu kəndlər məsələsi öz həllini tapmalıdır. Burada da bir neçə variant nəzərdən keçirilir. Vaxtı gələndə razılaşmalar həyata keçiriləcək.”