Modern.az

Nişanlanıb ayrılanlar çoxalıb - Komitədən reaksiya: "Ayrılsalar yaxşıdır!" 

Nişanlanıb ayrılanlar çoxalıb - Komitədən reaksiya: "Ayrılsalar yaxşıdır!" 

Aktual

Bu gün, 15:29

Rəsmi məlumata görə, son 3 ildə nikahların sayında azalma müşahidə olunduğu halda, boşanma nisbəti 40–43% aralığında sabit - yüksək qalıb. Yəni bağlanan hər 10 nikahdan təxminən 4-ü boşanma ilə nəticələnib.

Məsələ ilə bağlı Modern.az-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, statistik göstəricilər nikahların sayında azalma olduğunu göstərsə də, müsbət məqamlardan biri boşanmaların mütləq sayında da azalma tendensiyasının müşahidə edilməsidir:

"Bununla belə, boşanma halları hələ də ailə institutunun möhkəmləndirilməsi istiqamətində xüsusi diqqət tələb edən məsələlərdən biridir. Ailə münasibətlərinin pozulmasına səbəb olan amillər çoxşaxəlidir və onları yalnız bir amillə izah etmək mümkün deyil".

O vurğulayıb ki, məhkəmələrə təqdim olunan iddia ərizələrində, bir qayda olaraq, “ailə münasibətlərinin faktiki pozulması” və ya “birgə yaşayışın mümkünsüzlüyü” kimi hüquqi əsaslar göstərilsə də, bu ifadələrin arxasında fərqli sosial və psixoloji problemlər dayanır:

"Vətəndaş müraciətlərinin və aparılan təhlillərin nəticələri göstərir ki, boşanmalara əsasən ailədaxili ünsiyyətin zəifləməsi, qarşılıqlı anlaşılmazlıqlar, ailə-məişət zorakılığı, etimadın sarsılması, asılılıq halları, ailə məsuliyyətinin düzgün bölüşdürülməməsi, yaxın qohumların müdaxiləsi və gənclərin ailə həyatına kifayət qədər hazır olmaması səbəb olur. Çox vaxt ailələr yaranan problemləri peşəkar dəstəklə həll etmək əvəzinə, ayrılığı çıxış yolu kimi seçirlər. Halbuki psixoloji məsləhət və mediasiya imkanları münasibətləri qorumağa kömək edə bilər".

Komitə rəsmisi son vaxtlar cəmiyyətdə tez-tez müzakirə olunan nişanın pozulması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, nişan hüquqi nikah sayılmadığı üçün tərəflər arasında hüquqi öhdəlik yaranmır, lakin məsələ yalnız sənədlə bağlı deyil:

"Nişanlı dövründə tərəflər bir-birini daha yaxından tanıyır, xarakter və həyat tərzinin uyğun gəlmədiyini görürlər. Bəzən ailələrin müdaxiləsi, maddi çətinliklər, toy və mənzil problemləri, sosial şəbəkələrin yaratdığı qeyri-real gözləntilər münasibətlərin davam etməsinə mane olur. Lakin uyğun olmayan münasibətin nikahdan əvvəl sona çatması gələcəkdə daha ağır ailədaxili münaqişələrin və boşanmaların qarşısını ala bilər. Əsas məqsəd statistik göstəricilər deyil, sağlam ailələrin formalaşmasıdır".

Teymur Mərdanoğlu bildirib ki, sağlam ailə yalnız nikahın bağlanması ilə deyil, qarşılıqlı etimad, anlayış və birgə məsuliyyət üzərində qurulur.

Sizə yeni x var
Keçid et
Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir