Modern.az

Dövlət qulluğu imtahanında namizədlər vətəndaşlara cavab verə bilər

Dövlət qulluğu imtahanında namizədlər vətəndaşlara cavab verə bilər

Ölkə

Bu gün, 14:17

Dövlət qulluğuna qəbul imtahanlarının məzmununda mümkün yeniliklər, xüsusilə emosional intellektin qiymətləndirilməsi, eləcə də Azərbaycan dili və informatika fənləri ilə bağlı yanaşmalar müzakirə olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas, ictimai-siyasi xadim Əliməmməd Nuriyev bildirib ki, emosianal intellektin imtahanla ölçülməsi mümükün deyil:

"Emosional intellekt insanın öz hisslərini və qarşı tərəfin emosional vəziyyətini anlaması, davranışını buna uyğun idarə etməsi ilə bağlıdır. Dövlət qulluqçusunun vətəndaşı dinləməsi, gərgin vəziyyətdə təmkinli saxlaması, ünsiyyətdə həssas olması əlbəttə əhəmiyyətlidir. Ancaq bu bacarıqların vacibliyi onları imtahanda dəqiq və ədalətli ölçə biləcəyimiz anlamına gəlmir. Mən bu məsələyə ehtiyatla yanaşıram. Emosional intellekt mürəkkəb məfhumdur. İnsanın özünü necə qiymətləndirməsi, emosiyaları tanıması və konkret vəziyyətdə necə davranması ayrı məsələlərdir. Bunlar hansı yolla yoxlanılacaq? Namizəddən "mən insanları yaxşı anlayıram" fikrinə münasibət soruşulacaq, yoxsa ona real iş vəziyyəti təqdim olunacaq? Üsullar eyni nəticəni vermir. ABŞ-nin dövlət kadr qurumu OPM-də insanların özü haqqında cavablarının onun real emosional bacarığını ölçmək üçün məhdudiyyətlərini göstərir".

Ə.Nuriyev testlərdə düzgün cavabın müəyyənləşdirilməsi ilə bağlı narahatlıqlarını da dilə gətirib:

"Əsas narahatlığım düzgün cavabın müəyyənləşdirilməsidir. Belə testlərdə ekspert rəyi və ya çoxluğun seçimi əsasında cavab açarı hazırlana bilər. Amma ekspertlərin razılığı da özlüyündə cavabın hər vəziyyətdə ən münasib olduğunu sübut etmir. Qiymətləndirmənin kompüterlə aparılması subyektivliyi avtomatik aradan qaldırmır. Subyektiv yanaşma sualın və cavab açarının hazırlanması mərhələsində də yarana bilər. Məsələn,narazı vətəndaşla ünsiyyətdə bir əməkdaş əvvəlcə onu dinləməyi, digəri isə gecikmədən konkret həll yolunu izah etməyi seçə bilər. Şəraitdən asılı olaraq hər iki davranış əsaslı ola bilər. Sualda kifayət qədər məlumat yoxdursa, bunlardan yalnız birini düzgün saymaq mübahisə doğurar. Eyni zamanda sakit və az danışan namizəd emosional intellekti zəif, rahat danışanı isə daha bacarıqlı hesab etmək də düzgün olmaz. Ünsiyyət tərzini peşə yararlılığı ilə qarışdırmamalıyıq.

Belə qiymətləndirmə tətbiq olunacaqsa, əvvəlcə onun dövlət qulluğunda hansı problemi həll etdiyi və mövcud seçim üsullarına nə əlavə etdiyi göstərilməlidir. Suallar yerli iş şəraitində sınaqdan keçirilməli, nəticələrin sonrakı xidməti fəaliyyətlə əlaqəsi araşdırılmalıdır. Namizəd hansı meyalla bal itirdiyini bilməli və nəticəni mübahisələndirə bilməlidir. Bunlar təmin edilmədən emosional intellektdə qəbul nəticəsini həll edən çəki verilməsini məqsədəuyğun saymıram".

Hüquqşünas informatika və Azərbaycan dili fənni ilə bağlı fikirlərini də bölüşüb:

"Azərbaycan dilinin isə qiymətləndirmədə saxlanılmasını zəruri hesab edirəm. Dövlət qulluqçusu müraciəti düzgün anlamalı, sənədi dəqiq hazırlamalı, qərarını vətəndaşa aydın izah etməlidir. Burada dil bacarığı birbaşa işin keyfiyyətinə təsir edir. İmtahanın məzmununu praktikləşdirmək olar. Namizədə mürəkkəb qrammatik istisnalar soruşmaqla yanaşı, vətəndaşla anlaşıqlı cavab hazırlamaq tapşırığı da vermək daha faydalı ola bilər.

İnformatikaya münasibətdə müəyyən yenilənməni məntiqi görürəm. Əgər proqramda vəzifənin gündəlik tələbləri ilə zəif əlaqəsi olan dar ixtisas xarakterli nəzəri suallar varsa, onların zəruriliyi nəzərdən keçirilməlidir.Bununla belə, telefon və tətbiqlərin gündəlik istifadəsi xidməti rəqəmsal bacarıqları tam təsdiqləmir. Elektron sənədlə işləmək, cədvəli təhlil etmək, məlumatı qorumaq, şübhəli məktubu tanımaq ayrıca bacarıqlardır. Mən nəzəri yükün azaldılmasını və belə praktik tapşırıqlara üstünlük verilməsini daha əsaslı hesab edirəm. Bunun mümkün dəyişikliklərin rəsmi əsaslandırması olduğunu isə söyləyə bilmərik. Kadr seçiminin keyfiyyətini artırmaq üçün hər yenilik konkret sübuta söykənməlidir. Emosional intellektin qiymətləndirilməsi faydalı alət və ya vasitə ola bilər. Ancaq əvvəlcə onun nəyi ölçdüyü, düzgün cavabın necə müəyyənləşdirildiyi və namizədlər üçün bərabər şərtlərin necə qorunduğu aydınlaşdırılmalıdır. Dövlət qulluğuna qəbulda illərlə formalaşmış obyektivlik və etimad yeni üsulların tətbiqində də əsas meyar olaraq qalmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə