Modern.az

Azərbaycandan elektrik enerjisi alıb süni intellekt sata bilərik

Azərbaycandan elektrik enerjisi alıb süni intellekt sata bilərik

Aktual

Bu gün, 15:03

Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alaraq qarşılığında bu ölkələrə süni intellekt texnologiyaları sata bilər.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını tənqid edənlər məsələyə strateji baxımdan yanaşmalıdırlar.

“Qonşularımız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını tənqid edən hər kəs bu məsələnin gələcəyimiz üçün nə demək olduğunu strateji baxımdan düşünməlidir. Bəziləri hesab edirlər ki, qarşılıqlı əlaqələrin qurulması bizi asılı vəziyyətə salacaq. Əslində isə bunun tam əksi baş verəcək. Biz onlardan elektrik enerjisi alıb, onlara süni intellekt sata bilərik. Beləliklə, bir-birimiz üçün əhəmiyyətli tərəfdaşlara çevrilərik. Bu isə davamlı və uzunmüddətli sülhün əldə olunması ehtimalını artırar”, – Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, Ermənistanın əsas məqsədi enerji təchizatı mənbələrini şaxələndirmək və mümkün qədər çox ölkə ilə qarşılıqlı iqtisadi əlaqələr qurmaqdır.

“Biz bütün mümkün mənbələrdən daha çox enerji əldə etməli, imkanlarımızı genişləndirməli və mümkün qədər çox ölkə ilə əlaqələr yaratmalıyıq. Bu, bizə əlavə imkanlar verəcək, digər dövlətlər üçün əhəmiyyətimizi artıracaq və öz gələcəyimizə təsir göstərməyimizə şərait yaradacaq”, – deyə o bildirib.

Paşinyan müstəqillik anlayışına da fərqli yanaşma təqdim edib. Onun fikrincə, müasir dünyada heç bir dövlət tamamilə başqa ölkələrdən asılı olmadan fəaliyyət göstərə bilməz.

“Müstəqillik azsaylı tərəflərdən asılılığı çoxsaylı tərəflərdən asılılığa çevirmək prosesidir. Bir neçə ölkədən asılı olduqda onlar sənə öz şərtlərini diktə edə bilərlər. Amma çoxsaylı tərəfdaşların və alternativlərin varsa, heç kim sənə istədiyini diktə edə bilməz. Biz hazırda Ermənistanın azsaylı tərəflərdən asılılığını çoxsaylı tərəflərlə qarşılıqlı əlaqələrə çeviririk. Əminəm ki, həqiqi müstəqilliyə yalnız bu yolla nail olmaq mümkündür”, – Ermənistanın Baş naziri əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə