Qlobal bazarlarda qızıl qiymətlərinin yüksəlməsi və geri çəkilməsi təsadüfi hadisə deyil — bu hərəkətlər faiz dərəcələri, ABŞ dolları, inflyasiya gözləntiləri və geosiyasi risklərin toqquşmasından yaranır. Bəzən təhlükəsiz liman axtarışı qiymətləri yuxarı itələyir.
Bu mövzuyla bağlı Modern.az-a Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov açıqlama verib.
"2027-ci ildə qızılın qiymətinin necə dəyişəcəyini indidən qəti proqnozlaşdırmaq çətindir. Qiymət pul siyasəti, dolların məzənnəsi, istiqrazların gəlirliliyi, investisiya tələbi və geosiyasi risklərdən asılıdır.
Son ucuzlaşmaya FED-in faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi və dolların möhkəmlənməsi təsir göstərib. Faizlərin yüksək qalması istiqrazların gəlirliliyini artıraraq qızıl kimi faiz gətirməyən aktivlərə investisiyanın cəlbediciliyini azalda bilər. Qızıl dollarla qiymətləndirildiyindən, dolların möhkəmlənməsi onu digər valyutalardan istifadə edən alıcılar üçün bahalaşdırır və tələbə təzyiq göstərir.
Geosiyasi gərginlik və maliyyə bazarlarındakı qeyri-müəyyənlik qızıla tələbi, mərkəzi bankların alışları isə qiymətləri dəstəkləyə bilər. Bununla belə, enerji qiymətlərinin artması inflyasiyanı gücləndirərsə, FED faizləri yüksək saxlaya və ya artıra bilər.
Beləliklə, 2027-ci ildə qızılın ucuzlaşması mümkündür. Bu ehtimal yüksək faizlər, möhkəm dollar və zəif investisiya tələbi şəraitində arta bilər. İnflyasiyanın səngiməsi və faiz artımı gözləntilərinin azalması isə dolların və istiqraz gəlirliliyinin zəifləməsinə, qızılın bahalaşmasına şərait yarada bilər".