Modern.az

Deputatlar: İranın AzTV ilə bağlı qərarı siyasi mesajdır

Deputatlar: İranın AzTV ilə bağlı qərarı siyasi mesajdır

Aktual

Bu gün, 16:48

İranda Azərbaycanın dövlət televiziyası AzTV-nin “düşmən media” siyahısına salınması ilə bağlı qərar müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu hesab edir ki, bunun əsas səbəbi AzTV-nin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə dünyaya çatdırması və regiondakı proseslərlə bağlı həqiqətləri işıqlandırmasıdır.

Deputat bildirib ki, bunun yalnız bir səbəbi var: AzTV həqiqətləri təqdim edir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini əsaslandırır və ictimai rəyin düzgün formalaşmasına töhfə verir.

“AzTV Azərbaycanın dövlət televiziyasıdır. Buna görə də ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında onun üzərinə mühüm məsuliyyət düşür və hesab edirəm ki, televiziya bu missiyanı uğurla yerinə yetirir”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, bu fəaliyyət İranda fəaliyyət göstərən şovinist dairələri narahat edir:

“Çünki AzTV-nin efirində İranın vaxtilə Azərbaycana qarşı apardığı düşmən siyasəti, 44 günlük Vətən müharibəsi zamanı Ermənistana göstərdiyi dəstək, eləcə də İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması kimi məsələlər gündəmə gətirilir. Təbii ki, bunlar fars şovinizmi və radikal məzhəbçi dairələrin maraqlarına uyğun deyil”.

Hikmət Babaoğlu hesab edir ki, belə bir qərar AzTV-nin fəaliyyətinin düzgün istiqamətdə olduğunu göstərir:

“Məncə, AzTV bununla fəxr edə bilər. Çünki düşmənin tərifini qazanmaqdansa, ondan ‘düşmən’ sözünü eşitmək daha məqbuldur. İstər dövlətlərarası münasibətlərdə, istər müharibə şəraitində, istərsə də ideoloji müstəvidə düşmənçilik edən tərəf Azərbaycan deyil. Bizə qarşı düşmənçilik edən İrandakı şovinist dairələrdir”.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vasif Qafarov isə qeyd edib ki, dövlət televiziyasının hədəfə alınması təsadüfi deyil:

"AzTV Azərbaycanın rəsmi mövqeyini, dövlət siyasətini və milli maraqlarını beynəlxalq auditoriyaya çatdıran əsas informasiya platformalarından biridir. Bu baxımdan belə qərar təkcə bir media qurumuna deyil, dolayısı ilə Azərbaycanın informasiya siyasətinə yönəlmiş mesaj xarakteri daşıyır".

Vasif Qafarov bildirib ki, Azərbaycan xarici siyasətini beynəlxalq hüquq, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsipi əsasında qurur.

"Rəsmi Bakı dəfələrlə bəyan edib ki, qonşu dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və etimad əsasında inkişafında maraqlıdır. Belə bir şəraitdə mediaya qarşı sərt və siyasi motivli yanaşmalar münasibətlərdə etimad mühitinin möhkəmlənməsinə deyil, əksinə, qarşılıqlı inamsızlığın artmasına xidmət edir".

Deputat qeyd edib ki, müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir və dövlət mediasının "düşmən" kimi təqdim olunması informasiya məkanının siyasiləşdirilməsi təəssüratı yaradır.

"Media qurumları arasında fikir ayrılıqları və ya tənqidi yanaşmalar diplomatik dialoq və peşəkar kommunikasiya vasitəsilə həll edilməlidir".

V.Qafarovun fikrincə, Azərbaycan və İran arasında regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi əməkdaşlıq və sərhəd təhlükəsizliyi kimi ortaq maraqlar mövcuddur. Buna görə də ayrı-ayrı emosional və siyasi xarakterli addımların ikitərəfli münasibətlərin ümumi inkişaf trayektoriyasını müəyyən etməsinə imkan verilməməlidir.

"Bununla belə, qarşılıqlı etimadı zəiflədən bu cür qərarlar dialoqu çətinləşdirə və ictimai rəydə mənfi təsirlər yarada bilər".

Deputat vurğulayıb ki, Azərbaycanın əsas prioriteti milli informasiya məkanının qorunması, dövlətin rəsmi mövqeyinin beynəlxalq ictimaiyyətə obyektiv çatdırılması və informasiya təzyiqlərinə qarşı prinsipial mövqenin saxlanılmasıdır.

"Eyni zamanda, Bakı qonşuluq siyasətinə sadiq qalaraq problemlərin qarşılıqlı hörmət və diplomatik vasitələrlə həllinə üstünlük verir. Güclü dövlətlərin əsas üstünlüyü emosional reaksiyalarda deyil, milli maraqları ardıcıl, hüquqa əsaslanan və praqmatik siyasətlə müdafiə etməsindədir", – deyə Vasif Qafarov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA