Modern.az

Rusiyada səfərbərlik iddiaları: Azərbaycanlıları nə gözləyir?

Rusiyada səfərbərlik iddiaları: Azərbaycanlıları nə gözləyir?

Aktual

Bu gün, 17:04

Son günlər Rusiyada yeni səfərbərliyin elan oluna biləcəyi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında ziddiyyətli məlumatlar yayılır. Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə mümkün səfərbərliklə bağlı yayılan məlumatları təkzib edərək, bu cür şayiələrin seçkilər ərəfəsində ölkədə vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat xarakteri daşıdığını bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə vətəndaşları “Səfərbərliyi gözləmə, pul müqabilində xidmətə yazıl” şüarı ilə müqaviləli hərbi xidmətə çağıran paylaşımlar yayılır. Medvedev qeyd edib ki, bu paylaşımlar ya maliyyələşdirilən kampaniyanın tərkib hissəsidir, ya da məqsədli şəkildə yayılan dezinformasiyadır.

Bununla belə, səfərbərlik ehtimalı ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsi Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti, onların ölkəyə qayıdış dinamikası və miqrasiyasının gələcək istiqamətləri ilə bağlı məsələləri gündəmə gətirib.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib ki, Rusiyada yaşayan soydaşlarımızın vəziyyətinin qiymətləndirilməsində əsas meyar onların hüquqi statusudur.

"Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş şəxslər həmin dövlətin vətəndaşı kimi həm hüquqlara, həm də qanunvericilikdən irəli gələn vəzifələrə malikdirlər. Bu baxımdan, Rusiya vətəndaşı olan şəxslərin səfərbərliklə bağlı öhdəlikləri də həmin ölkənin qanunvericiliyi ilə tənzimlənir və bu, etnik mənsubiyyətdən asılı deyil.
Azərbaycan Respublikasının vətəndaşları olan, lakin Rusiyada müvəqqəti və ya daimi yaşamaq icazəsi əsasında yaşayan şəxslər isə başqa hüquqi statusa malikdirlər. Onlar Azərbaycan vətəndaşlarıdır və hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilir. Bununla yanaşı, yaşadıqları ölkənin qanunlarına riayət etmək də onların üzərinə düşən öhdəlikdir.

Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində saxlayır. Hər hansı hüquq pozuntusu baş verərsə, vətəndaşlarımız ölkəmizin diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər".

Deputatın sözlərinə görə, hazırda Rusiyadan Azərbaycana qayıdan və ya əks istiqamətdə gedən vətəndaşlarımızın sayında kəskin artım olduğunu göstərən rəsmi statistika yoxdur:

"Əgər belə bir tendensiya müşahidə olunsaydı, müvafiq dövlət qurumları, ilk növbədə Dövlət Miqrasiya Xidməti bununla bağlı ictimaiyyətə məlumat verərdi. Ümumiyyətlə, miqrasiya qlobal prosesdir və təkcə Azərbaycana xas deyil. Bu gün dünyada insanların təhsil, məşğulluq, sahibkarlıq və daha yaxşı həyat imkanları naminə ölkə dəyişməsi adi haldır. Son illər miqrasiya marşrutlarının şaxələndiyini də müşahidə edirik. Əvvəllər əsas istiqamətlərdən biri Rusiya idisə, hazırda Avropa ölkələri, ABŞ və digər regionlara maraq da əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbləri təhsil və əmək bazarında yeni imkanların yaranmasıdır. Əsas məsələ ondan ibarətdir ki, hər bir vətəndaş yaşayış yerini və fəaliyyət göstərəcəyi ölkəni sərbəst seçmək hüququna malikdir. Bu hüquq həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüquq normaları ilə qorunur".

A.Badamov nəzərə çatdırıb ki, hər hansı ölkədə hərbi vəziyyət və ya səfərbərlik qərarı həmin ölkənin iqtisadiyyatına, əmək bazarına və miqrasiya siyasətinə müəyyən təsir göstərir:

"Bu baxımdan Rusiyada mümkün səfərbərlik əmək miqrasiyasına da təsirsiz ötüşməyə bilər. Bir tərəfdən, əmək bazarında müəyyən vakant yerlər yarana bilər. Digər tərəfdən isə təhlükəsizlik amilləri və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi əcnəbi işçilər üçün əlavə çətinliklər yarada bilər. Bu səbəbdən Rusiyada işləmək istəyən şəxslər həmin ölkənin qanunvericiliyinin bütün tələblərinə ciddi şəkildə əməl etməlidirlər.
Azərbaycan dövləti isə bu məsələdə prinsipial mövqeyə malikdir. Dövlətimiz dünyanın istənilən ölkəsində yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Əgər hər hansı vətəndaşımızın hüquqları pozularsa və ya çətin vəziyyətlə üzləşərsə, Azərbaycanın səfirliyi və konsulluqları ona lazımi hüquqi və konsulluq dəstəyi göstərməyə hazırdır".

Deputat eyni zamanda hesab edir ki, vətəndaşlarımız xaricdə işləmək və yaşamaq barədə qərar qəbul edərkən təkcə iqtisadi imkanları deyil, həm də mövcud geosiyasi vəziyyəti, təhlükəsizlik risklərini və fəaliyyət göstərəcəkləri ölkənin hüquqi tələblərini nəzərə almalıdırlar. Bu, həm onların şəxsi təhlükəsizliyi, həm də gələcək planlarının daha sağlam əsaslar üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Azər Allahverənov isə qeyd edib ki, Rusiyada mümkün səfərbərliklə bağlı yayılan məlumatlar fonunda bu ölkədə yaşayan və çalışan Azərbaycan vətəndaşları arasında müəyyən narahatlıq var.

"Məsələ ondadır ki, yayılan məlumatlara əsasən, ehtimal olunan səfərbərlik əvvəlkilərdən fərqli xarakter daşıya bilər.

Gözləntilərə görə, sentyabr ayında keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra səfərbərlik prosesinə start verilə bilər. Bildirilir ki, bu dəfə səfərbərliyin miqyası və əhatə dairəsi daha geniş olacaq. Xüsusilə də səfərbərliyə çağırılma üçün nəzərdə tutulan yaş həddinin artırılması və hərbi hazırlığı olan şəxslərin daha geniş şəkildə cəlb edilməsi istisna edilmir.

Əvvəlki yanaşmaya görə, Rusiya Federasiyasında yaşayan və sonradan bu ölkənin vətəndaşlığını əldə edən şəxslərin hərbi hazırlığı yox idisə, onların səfərbərliyə cəlb olunması nəzərdə tutulmurdu. Lakin son bir-iki il ərzində Rusiyadan gələn məlumatlar göstərir ki, artıq Rusiya vətəndaşlığı alan şəxslər, hərbi hazırlıqları olmasa belə, hərbi uçota alınır və sonradan hərbi xidmətə cəlb oluna bilirlər. Bu isə Rusiyada yaşayan və sonradan həmin ölkənin vətəndaşlığını qəbul etmiş azərbaycanlılara da aid olan məsələdir".

İşçi qrupun üzvü həmçinin vurğulayıb ki, istənilən halda, əgər səfərbərlik prosesi başlanarsa, burada iki əsas meyar xüsusi əhəmiyyət daşıyacaq:

"Birincisi, şəxsin Rusiya Federasiyasının vətəndaşı olması, ikincisi isə onun hərbi hazırlığa malik olmasıdır. Bu iki şərt mövcud olduğu halda, həmin şəxsin səfərbərliyə cəlb olunması mümkündür. Əvvəlki səfərbərlik dövrlərində hərbi hazırlığı olmayan şəxslər səfərbərliyə çağırılmırdı. Hətta daha əvvəl belə bir yanaşma mövcud idi ki, şəxs öz ölkəsində hərbi xidmət keçmişdisə, Rusiya vətəndaşlığını əldə etdikdən sonra həmin ölkədə yenidən hərbi xidmət keçməsi tələb olunmurdu. Lakin müharibə dövründə həm qaydalar, həm də yanaşmalar dəyişib.

Səfərbərliyin müxtəlif dərəcələri var və hansı səviyyədə səfərbərlik elan olunacağı barədə qərardan sonra kimin bu prosesə cəlb ediləcəyini daha dəqiq demək mümkün olacaq. Parlamentlərarası əlaqələr çərçivəsində hazırda bu məsələ gündəmdə deyil. Əgər belə bir zərurət yaranarsa, aidiyyəti qurumlar və diplomatik strukturlar prosesə qoşularaq müəyyən mövqe ortaya qoya bilərlər. Lakin nəzərə almaq lazımdır ki, söhbət ilk növbədə Rusiya Federasiyasının vətəndaşlarından gedir".

A.Allahverənov bildirib ki, mümkün səfərbərliklə bağlı müzakirələrdə ikili vətəndaşlığı olan şəxslərin hüquqi vəziyyəti də ayrıca diqqət tələb edən məsələlərdən biridir:

"Əgər şəxs həm Azərbaycan Respublikasının, həm də sonradan Rusiya Federasiyasının vətəndaşı olubsa və bununla bağlı hər hansı hüquq pozuntusu barədə müraciət daxil olarsa, düşünürəm ki, aidiyyəti dövlət qurumları, o cümlədən diplomatik korpus bu məsələyə münasibət bildirəcək və zəruri addımlar atacaq. Ancaq istənilən halda söhbət Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş şəxsin həmin dövlət qarşısında yaranan hüquq və öhdəliklərindən gedir. Yəni son qərar da məhz həmin vətəndaşlıq statusundan irəli gələn hüquqi öhdəliklər əsasında veriləcək. Əgər gələcəkdə bu məsələ parlamentlərarası əlaqələr müstəvisində gündəmə gələrsə, o zaman bunun ətrafında daha geniş fikir bildirmək mümkün olacaq".

Parlamentari Rusiyadan Azərbaycana qayıdanların sayı ilə bağlı məsələyə də aydınlıq gətirib: 

"Statistik məlumatlar əsasən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Federal Miqrasiya Xidmətinin açıqlamalarında əks olunur. Həmin statistik göstəricilərdən görünür ki, hazırda Rusiyadan Azərbaycana kütləvi qayıdış müşahidə edilmir. İki ölkə arasında miqrasiya mübadiləsi sabit olaraq qalır və Rusiyada əmək fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətlərini davam etdirirlər.

Bununla yanaşı, son dövrlərdə miqrasiya sahəsində tətbiq edilən bəzi yeniliklər var. Bu dəyişikliklər müəyyən mənada əməkçi miqrantların maraqlarına təsir göstərir. Lakin bu qanunlar yenicə qüvvəyə mindiyindən, hələlik onların praktik tətbiqinin əməkçi miqrantlara ciddi təsiri müşahidə olunmur. Bundan sonrakı mərhələdə isə vəziyyət dəyişə bilər. Çünki yeni qaydalara əsasən, əməkçi miqrantın qazandığı gəlir ailə üzvləri arasında bölüşdürüldükdə minimum yaşayış tələblərinə cavab verməlidir. Əgər bu şərt ödənilərsə, həmin şəxs əmək fəaliyyətini davam etdirə biləcək".

Deputat qeyd edib ki, əks halda, yəni ailə üzvlərinin hər birinə düşən gəlir minimum tələbdən aşağı olarsa, həmin şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək patentinin ləğvi barədə qərar qəbul edilə bilər:

"Bu isə həm əməkçi miqrantı, həm də onun ailə üzvlərini çətin vəziyyətə sala bilər. Qanun yeni qüvvəyə mindiyi üçün düşünürəm ki, yaxın iki-üç ay ərzində aidiyyəti qurumlar onun icrası ilə bağlı konkret addımlar atacaqlar. Payız aylarına doğru artıq bu mexanizmin praktik nəticələrinin necə olacağını görmək mümkün olacaq.

Burada əsas məsələ əməkçi miqrantın əldə etdiyi gəlirin müəyyən edilmiş minimum həddən aşağı olmamasıdır. Əgər bu tələb yerinə yetirilməzsə, həmin şəxsin iş yerini itirməsi riski yaranacaq. Bu isə ya Azərbaycana qayıdışa, ya daha yüksək maaşlı iş axtarışına, ya da ailənin digər üzvlərinin də əmək fəaliyyətinə cəlb olunmasına səbəb ola bilər. Sonuncu halda ailənin ümumi gəliri artarsa, qanunun tələblərinə uyğunluq təmin oluna və həmin şəxsin əmək fəaliyyətini davam etdirməsinə maneə yaranmaya bilər", - deyə A.Allahverənov fikrini tamamlayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA